Muxtar respublikada 140 aztəminatlı ailənin özünüməşğulluğu təmin edilib
Naxçıvan, 5 fevral, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında ötən il 114 aztəminatlı ailəyə fərdi təsərrüfatlarını qurmaq üçün iribuynuzlu və xırdabuynuzlu mal-qara və lazımi ləvazimatlar, avadanlıqlar verilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, 2019-cu ildə Naxçıvanda, ümumilikdə, 140 aztəminatlı ailənin özünüməşğulluğu təmin edilib.
“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev özünüməşğulluq proqramının çox böyük sosial və iqtisadi faydası olduğunu vurğulayaraq deyib: “Digər önəmli proqram özünüməşğulluq proqramıdır. Buna da biz bir neçə il əvvəl start verdik və böyük tələbat var. Bu, onu göstərir ki, biz düzgün addım atmışıq və bu proqramı genişləndiririk. Tələbat təqribən 40-50 min ətrafındadır. Ancaq biz keçən il 7-8 min insanı bu proqrama cəlb etdik. Bu il ən azı 10 min insan cəlb olunacaq. Onlara lazımi vasitələr, avadanlıq, mal-qara veriləcək”.
Qeyd edək ki, ötən il ailə əməyinə əsaslanan fərdi təsərrüfatların yaradılmasına köməklik göstərilməsi, aztəminatlı ailələrin məşğulluğunun təmin edilməsi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq həyata keçirilib. Ailə əməyinə əsaslanan fərdi təsərrüfatların yaradılması istiqamətində görülən tədbirlərin davamı olaraq uzun müddət ünvanlı dövlət sosial yardımı alan və fərdi təsərrüfatlarını qurmaq üçün müraciət edən ailələrə köməklik göstərilməsi uğurla davam etdirilir.