Muxtar respublikada Beynəlxalq Gözdən Əlillər Günü qeyd olunub
Naxçıvan, 12 noyabr, AZƏRTAC
Muxtar respublikanın paytaxtı Naxçıvan şəhərində və rayonlarında 13 Noyabr - Beynəlxalq Gözdən Əlillər Günü qeyd olunub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Beynəlxalq Gözdən Əlillər Günü münasibətilə Naxçıvan şəhərində keçirilən tədbirdə çıxış edənlər muxtar respublikada məhdud fiziki imkanlı şəxslərə göstərilən dövlət qayğısından danışıblar. Bildirilib ki, bu kateqoriyadan olan bütün şəxslərə, o cümlədən görmə qabiliyyəti məhdud insanlara göstərilən sosial xidmətlərin həcmi və keyfiyyəti artırılır, onların cəmiyyətə inteqrasiyası istiqamətində kompleks tədbirlər həyata keçirilir. Onların sərbəst yaşayış imkanlarının artırılması məqsədilə hərtərəfli şərait yaradılır.
Vurğulanıb ki, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində görmə qabiliyyəti məhdud şəxslərin informasiya texnologiyalarına yiyələnmələri, təhsil almaları üçün zəruri şərait mövcuddur. Mərkəzdə brayl əlifbası ilə çap olunmuş çoxlu sayda kitab və audiokitabxana da fəaliyyət göstərir. Bununla yanaşı, görmə qabiliyyəti məhdud şəxslər üçün hər ay “Könül işığı”, eyni kateqoriyadan olan uşaqlar üçün isə rübdə bir dəfə “Şəfəq” adlı brayl jurnallar nəşr edilir.
Sonda görmə qabiliyyəti məhdud olan şəxslərə sovqatlar verilib.
Qeyd edək ki, Beynəlxalq Gözdən Əlillər Günü münasibətilə muxtar respublikanın rayon mərkəzlərində keçirilən tədbirlərdə, ümumilikdə, görmə qabiliyyəti məhdud olan 300 şəxsə ehtiyaclarına uyğun sovqatlar verilib. Onlar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.