Muxtar respublikada uşaq hüquqlarının qorunması diqqət mərkəzində saxlanılır
Naxçıvan, 18 fevral, AZƏRTAC
Muxtar respublikada uşaqların qanunla müəyyən olunmuş hüquq və mənafelərinin müdafiəsi, sağlamlıqlarının qorunması, təhsil alaraq layiqli vətəndaş kimi formalaşması, asudə vaxtlarının səmərəli təşkili daim diqqət mərkəzində saxlanılır, bu sahədə ardıcıl tədbirlər görülür.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 10 uşaq ötən il qəyyumluq və himayəyə, 11 uşaq övladlığa verilib. Valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş, qaçqın və məcburi köçkün, sağlamlıq imkanları məhdud, şəhid və aztəminatlı ailələrdən olan 720 uşağa isə bayram günlərində hədiyyə və sovqatlar paylanılıb, 15 sentyabr - Bilik Günü ilə əlaqədar bu kateqoriyadan olan 394 uşaq məktəbli paltarı, dərs ləvazimatları və qış geyimi ilə təmin olunub.
Sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı uğurla icra edilir
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası nəzarətdə saxlanılıb, sağlamlıq imkanları məhdud uşaqlar məktəbəqədər, ümumtəhsil, peşə və məktəbdənkənar təhsil müəssisələrinə cəlb ediliblər. Hazırda ümumtəhsil məktəblərində müvafiq kateqoriyadan olan 963, Gözdən Əlil Uşaqlar üçün Xüsusi İbtidai Məktəbdə 8, Distant Tədris Mərkəzində 22 uşaq təhsil alır. 2018-2019-cu tədris ilində 42 uşaq məktəbəqədər təhsil müəssisələrində, 10 uşaq Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində, 9 uşaq ümumtəhsil məktəblərində fəaliyyət göstərən məktəbəqədər hazırlıq qruplarında, nitqi qüsurlu olan 149 uşaq isə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin defektoloji bölmələrində tədrisə cəlb edilib.
Cari tədris ilində sağlamlıq imkanları məhdud 68 uşaq ümumtəhsil müəssisələrinin birinci siniflərinə, 1 uşaq distant tədrisin birinci sinfinə, 1 uşaq isə Gözdən Əlil Uşaqlar üçün Xüsusi İbtidai Məktəbə, 56 uşaq şahmat məktəblərinə, 111 uşaq məktəbdənkənar müəssisələrin dərnəklərinə, 90 uşaq isə idman məktəblərinə cəlb olunub. Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində audio və elektron kitabxanaların zənginləşdirilməsi məqsədilə il ərzində audiokitabxana fonduna 63 yeni audiokitab əlavə edilib. Hazırda audiokitabxana fondunda 1386, elektron kitabxana fondunda 773, brayl kitabxana fondunda isə 981 kitab mövcuddur.
Peşə təhsilinə diqqət artırılıb
Sağlamlıq imkanları məhdud uşaqlar peşə təhsilindən də kənarda qalmayıb. Ümumtəhsil məktəblərinin yuxarı siniflərində təhsil alan şagirdlərə peşəyönümlü məşğələlər keçirilib, əmək bazarının tələbinə uyğun peşə və ixtisaslar barədə məlumatlar verilib. 2018-2019-cu tədris ilinin əvvəlində Naxçıvan Musiqi Kollecinə 3, Naxçıvan Dövlət Texniki Kollecinə 5, Naxçıvan Tibb Kollecinə 4, ali təhsil müəssisələrinə isə müvafiq kateqoriyalı 14 uşaq qəbul olunub. Bu kateqoriyadan olan uşaqların tibbi reabilitasiyası da diqqətdə saxlanılıb. Belə ki, 2018-ci ildə Naxçıvan Uşaq Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud 365 uşaq müalicə alıb, 77 uşağa protez-ortopediya xidmətləri göstərilib, 125 uşağa texniki reabilitasiya vasitələri verilib, 18 uşağın ölkə daxilində müalicəsi aparılıb, 4 uşağa isə sanatoriya və müalicə pansionatlarına göndərişlər verilib. Sağlamlıq imkanları məhdud uşaqlara qarşı tolerant mühitin yaradılması məqsədilə aidiyyəti dövlət orqanları tərəfindən məktəbəqədər, məktəb və məktəbdənkənar təhsil müəssisələrində 74 monitorinq aparılıb, 3 məktəbdə maarifləndirici görüş keçirilib.
Əlaqədar dövlət orqanları tərəfindən müxtəlif səpkili tədbirlər, yaradıcılıq müsabiqələri təşkil edilir
2018-ci il ərzində muxtar respublikanın müvafiq dövlət orqanları tərəfindən əlamətdar günlərdə uşaqlar üçün bayram tədbirləri və yaradıcılıq müsabiqələri, o cümlədən şeir, inşa yazı, rəsm, əl işləri müsabiqələri keçirilib. Müsabiqələrdə 3668 uşaq iştirak edib, qaliblərə və iştirakçılara diplom və hədiyyə, bayram tədbirlərində isə bayram sovqatı verilib. Uşaqların, eləcə də xüsusi qayğıya ehtiyacı olan uşaqların asudə vaxtlarının səmərəli təşkili məqsədilə müvafiq dövlət orqanları tərəfindən Ağbulaq İstirahət Mərkəzində istirahətləri təşkil edilib. Belə ki, 48 sağlamlıq imkanı məhdud, 31 aztəminatlı, 11 valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, 1 qaçqın və məcburi köçkün ailələrindən olan uşaqlar olmaqla, ümumilikdə, 420 uşağın istirahəti təmin edilib.
Yetkinlik yaşına çatmayanlarla bağlı müxtəlif istiqamətlərdə, o cümlədən yeniyetmələrin zərərli vərdişlərdən uzaqlaşdırılması, hüquqlarının və qanuni mənafelərinin qorunması, maarifləndirmə və təbliğat işinin aparılması məqsədilə 694 reyd yoxlaması keçirilib, 818 dəfə müxtəlif mövzularda görüşlər təşkil edilib.
Uşaq müəssisələrində dövri monitorinqlər keçirilir
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 24 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Мuxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”na əsasən, 20 uşaq müəssisəsində dövri monitorinq keçirilib. Məqsəd həmin müəssisələrdə uşaqların qanunvericiliklə müəyyən edilmiş hüquq və mənafelərinin qorunması, uşaq hüquqlarının təmin edilməsi üçün əlverişli mühitin yaradılması və uşaq hüquqlarının pozulması hallarının qarşısının alınmasıdır. Monitorinqlərin nəticələri, o cümlədən aşkar edilmiş nöqsanlar ekspert qrupunun üzvləri tərəfindən aktlaşdırılmış və nöqsanların aradan qaldırılması ilə bağlı aidiyyəti təşkilatlara aktın surəti göndərilib. Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankına 2018-ci ildə 5640 uşaq haqqında fərdi məlumatlar daxil edilib.
Uşaq əhalisinin sağlamlığı qorunur
Uşaq əhalisinin sağlamlığının qorunması, sağlamlıq tədbirlərinin yaxşılaşdırılması və uşaqlara müasir tələblərə uyğun tibbi xidmətin göstərilməsi dövlətimiz tərəfindən daim diqqət mərkəzində saxlanılıb. 2018-ci ildə ixtisaslı həkim briqadaları tərəfindən pediatr olmayan və yaxud sərhəd zonalarında yerləşən ucqar dağ kəndlərində 12 min 359 uşaq müayinə olunub, ehtiyacı olanlara tibbi xidmət göstərilib. Uşaqların icbari dispanserizasiyası zamanı 21 min 956 uşaq müayinə olunub, 278 uşaq müxtəlif xəstəliklərə görə dispanser qeydiyyatına alınıb. Bununla yanaşı, elektron sağlamlıq kartlarına keçid işi də yaxşılaşdırılıb və 1457 elektron kart alınıb valideynlərə paylanıb.
Ötən il muxtar respublikada 5520 uşaq doğulub
Son illər əhali artımında müsbət miqrasiya ilə yanaşı, yeni doğulanların sayı da əsas rol oynayıb. Belə ki, ötən il ərzində 5520 uşaq doğulub və muxtar respublikada uşaqların sayı 163 min 281 olub. Bu da 2017-ci illə müqayisədə 1168 uşaq çoxdur. Hazırda muxtar respublikanın ümumtəhsil məktəblərində 49 min 224 şagird təhsil alır ki, bunlardan da 23 min 523-ü qızlardır. Tədris ilində ümumtəhsil məktəblərinin I sinfində tədrisə 2429-u qız olmaqla, 5023 şagird cəlb edilib. Ötən il ümumtəhsil məktəblərini bitirən şagirdlərdən 1781-i ali, 615-i orta ixtisas təhsili müəssisələrinə, Heydər Əliyev adına Hərbi Liseyin məzunlarından 208-i isə müxtəlif ali hərbi məktəblərə daxil olub, ali məktəblərə qəbul olunanların 331-i 500-700 arası bal toplayıb ki, bunlardan da 190-ı qızlardır. 2017-2018-ci tədris ilində məktəbi bitirən tam orta təhsil bazası üzrə məzunlardan 13-ü qızıl, 11-i gümüş medala, 151-i isə fərqlənmə attestatına layiq görülüb. Medallara layiq görülən məzunlar onlara göstərilən etimadı doğruldub, qəbul imtahanlarında 6 nəfər 600-650, 18 nəfər 650-700 arası bal toplayıb. Onlardan 6-sı Prezident təqaüdünə layiq görülüb.
Nümunəvi dərslər tədris olunur
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının elm, ali və orta ixtisas təhsili müəssisələri ilə ümumtəhsil məktəbləri arasında əlaqələrin təşkili haqqında” 2015-ci il 14 mart tarixli Sərəncamına uyğun olaraq elmi dərəcəli müəllimlər tərəfindən 2018-ci ildə muxtar respublikanın ümumtəhsil məktəblərində 1592 saat nümunəvi dərs tədris olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına əsasən muxtar respublikanın ümumtəhsil məktəblərində 46 interaktiv dərs keçilib, 600-dən çox elektron lövhədə şagirdlərə müxtəlif fənlər tədris edilib.
Muxtar respublikada 27 min 399 uşaq idmanla məşğul olur
Muxtar respublikada uşaq-gənclər idmanının təşkili, inkişafı, bədən tərbiyəsi və idman vasitəsilə uşaqların sağlamlığının qorunması, möhkəmləndirilməsi və asudə vaxtlarının səmərəli təşkili də diqqət mərkəzində dayanıb. Belə ki, uşaqlar arasında birincilik, turnir, yoldaşlıq görüşü, çempionat, idman yarışı, festival, olimpiada keçirilib. 5850-dən çox uşaq keçirilən idman oyunlarında, 110 uşaq idman sahəsindəki açıq dərsdə, 1484 uşaq isə intellektual oyunlarda iştirak edib. Bu gün muxtar respublikada 27 min 399 uşaq idmanla məşğul olur ki, bunlardan da 6002-si qızlardır. İdmanla məşğul olan uşaqlar istər muxtar respublikada, istərsə də muxtar respublikadan kənarda keçirilən idman yarışlarında yüksək nailiyyətlər əldə edib, Azərbaycan və Avropa birinciliklərində, Azərbaycan və dünya çempionatlarında, beynəlxalq turnir yarışlarında və beynəlxalq şahmat festivallarında 30-u birinci yer, 18-i ikinci yer, 25-i üçüncü yer tutub.
Uşaq və gənclərdən ibarət yaradıcılıq qruplarının fəallığı artıb
2018-2019-cu tədris ilində muxtar respublikada fəaliyyət göstərən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə müxtəlif ixtisaslar üzrə 990 şagird qəbul olunub. Muxtar respublikanın ixtisaslı müəllimləri tərəfindən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində müəllim və şagirdlərin hazırlıq səviyyəsinin artırılması məqsədilə müxtəlif ixtisaslar üzrə 18 ustad dərsi keçilib.
Muxtar respublikanın mədəni-kütləvi tədbirlərində uşaq və gənclərdən ibarət yaradıcılıq qrupları musiqi nömrələri ilə çıxış edib, uşaqların ifasında 80-dən artıq konsert proqramı təşkil olunub. Naxçıvan şəhərində fəaliyyət göstərən bağçalarda və tam orta məktəblərin ibtidai siniflərində kitaba marağın artırılması məqsədilə “Nağıl günləri” keçirilib. Bundan əlavə, bütün kateqoriyadan olan uşaqlara 157 tamaşa, 50-dən artıq bədii və cizgi filmləri göstərilib, tətil günlərində uşaqların muzeylərə ekskursiyaları təşkil edilib.