REGİONLAR
Muxtar respublikanın yaşayış məntəqələrinin təbii qazla təminatı uğurla həyata keçirilir
Naxçıvan, 30 yanvar, AZƏRTAC
“Naxçıvanqaz” İstehsalat Birliyi muxtar respublikada 86 min 377 əhali abonentin, kommunal büdcə təşkilatları üzrə 924, qeyri-dövlət təşkilatları üzrə 1403, sənaye üzrə 143 və enerji istehsal edən müəssisələr üzrə 2 (qaz turbin və modul elektrik stansiyaları), ümumilikdə isə 2472 qeyri-əhali abonentin təbii qazla təminatına xidmət göstərir.
İstehsalat Birliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ötən il 982 abonent, o cümlədən 862 əhali və 120 qeyri-əhali abonenti tərəfindən daxil olan müraciətlərə əsasən ev, mənzil və müxtəlif təyinatlı obyektlər qazlaşdırılıb. Muxtar respublika qaz təsərrüfatı şəbəkəsində qaz analizatorlar və dedektorlar vasitəsilə aşkarlanan qaz sızmaları texniki istismar qaydalarına uyğun olaraq aradan qaldırılıb.
Muxtar respublikanın şəhər, rayon Qaz-İstismar idarələrinin qəza-dispetçer xidmətlərinə istər əhali, istərsə də qeyri-əhali təbii qaz istehlakçıları tərəfindən qazın təzyiqinin düşməsi, tənzimləyicilərin dayanması və digər bu kimi səbəblərə görə daxil olan çağırışlar öz həllini tapıb. Abonentlərin mexaniki qaz sayğaclarının kənar müdaxilələrdən qorunması üçün 44 min 321 ədəd mühafizə qutusu quraşdırılıb.
Naxçıvan şəhərində mexaniki qaz sayğaclarının smartkart tipli qaz sayğacları ilə əvəz olunması istiqamətində işlər davam etdirilir. Ümumilikdə, 17 min 525 ədəd, o cümlədən ötən il 950 smartkart tipli qaz sayğacı və mühafizə qutusu quraşdırılıb. Həmin qaz sayğaclarının diaqnostik müayinəsi, kompüter vasitəsilə test edilməsi və ortaya çıxan nöqsanların aradan qaldırılması üçün xidmət stansiyası təşkil olunub.