Müxtəlif bölgələrdə məskunlaşan Xocalı sakinlərinin tibbi müayinəsi üçün xüsusi həkim briqadaları yaradılmışdır
Goranboy, 20 fevral (AZƏRTAC). Ölkə əhalisinin tibbi müayinədən keçirilməsi ilə bağlı təşkil olunmuş aksiyada Goranboy ərazisində məskunlaşan Xocalı rayon sakinləri də mütəşəkkil iştirak edirlər. Aksiyanın başladığı 4 gün ərzində artıq 400 nəfər müayinə olunmuş, öz sağlamlıqları barədə məlumat əldə etmişlər.
Müayinələrdən keçən hər bir Xocalı sakini ilk növbədə onların sağlamlığının qeydinə qalan Prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını bildirir. Rayon sakinlərindən Şakir Əliyev, Nəcəf Həsənov, Şükür Bəşirov və başqaları bu qayğını olduqca yüksək dəyərləndirirlər.
Mərkəzi rayon xəstəxanasının baş həkimi, respublikanın Əməkdar Həkimi Məmməd Nağıyev AZƏRTAC-a demişdir ki, humanitar aksiyanın mütəşəkkil keçirilməsi üçün ciddi hazırlıq işləri görülmüş, müxtəlif bölgələrdə məskunlaşan rayon sakinlərinin müayinəsi üçün xüsusi həkim briqadaları yaradılmış, onlar zəruri tibbi ləvazimatlarla təmin edilmişlər. Hələlik Goranboy ərazisindəki Aşağı Ağcakənd qəsəbəsində məskunlaşan xocalılıların müayinəsi aparılır. Bundan sonra Yuxarı Ağcakənd, Meşəli, Börü qəsəbələrində, daha sonra isə Goranboyun digər ərazilərində məskunlaşan sakinlər müayinə olunacaqdır. Ümumiyyətlə, çalışacağıq ki, öz ata-baba yurdlarından didərgin düşmüş Xocalı sakinlərinin heç biri bu aksiyadan kənarda qalmasın.