Muzey əməkdaşının videoməruzəsi təqdim edilib
Bakı, 28 aprel, AZƏRTAC
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi 100 illik yubileyinə hazırlıq işlərini karantin rejiminin tələblərini nəzərə alaraq davam etdirir.
Muzeydən AZƏRTAC-a bildirilib ki, yubiley tədbirlərinin bir qrupunu zəngin kolleksiyada qorunan maddi mədəniyyət nümunələrini bütün vasitələrlə ictimaiyyətə tanıtdırmaq təşkil edir. Arxeologiya elmi fond şöbəsinin müdiri, dosent Nasir Quluzadənin “Xalkolit dövründə Azərbaycanda saxsı qablarda uşaq dəfnləri” mövzusunda hazırlanan videoməruzəsi də bu qəbildəndir. Məruzə muzeyə 2019-cu ildə təhvil verilmiş dəfn küpü əsasında hazırlanıb. Burada e.ə. V-IV minilliklərdə Azərbaycan, eləcə də Yaxın Şərqdə geniş yayılmış saxsı qablarda uşaq dəfnlərinin mənşəyi, yayılma arealı və digər maraqlı məsələlər haqqında məlumat verilir.