Muzeydə “26-cı ümid” adlı kompozisiya nümayiş etdirilib
Bakı, 24 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyi Azərbaycan Rəssamlar İttifaqı ilə birlikdə Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş “26-cı ümid” adlı tədbir keçirib.
Milli Azərbaycan Tarixi Muzeyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu müəssisənin şöbə müdiri Emin Dadaşov ermənilərin törətdikləri Xocalı soyqırımı haqqında danışıb, bu faciənin tarixin ən qanlı səhifələrindən biri olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, düşmən Xocalıda dinc insanları - qocaları, qadınları, uşaqları xüsusi qəddarlıqla qətlə yetirib.
E. Dadaşov vurğulayıb ki, Xocalı soyqırımı ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq hər birimizin borcudur.
Azərbaycan Rəssamlar İttifaqının sənətşünaslıq bölməsinin sədri Ziyadxan Əliyev Xocalı soyqırımının dəhşətlərindən bəhs edib, bu qanlı hadisənin heç vaxt yaddan çıxmayacağını bildirib.
Tədbirdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorları tərəfindən “26-cı ümid” adlı kompozisiya nümayiş etdirilib.
Sonra xarici jurnalistlərin Xocalı faciəsi ilə bağlı tədqiqatları, bir sıra ölkələrin mətbuatında dərc olunan məqalələr və “İrs - Nasledie” beynəlxalq jurnalın növbəti nömrəsi tədbir iştirakçılarına paylanılıb.