Muzeydə ədəbiyyatşünas alim Əziz Mirəhmədovun 100 illiyinə həsr olunan videoseminar keçirilib
Bakı, 1 may, AZƏRTAC
AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Elmi şurasının nəzdində daimi “Elmi seminar” fəaliyyət göstərir. Bu seminarlarda ilboyu muzey əməkdaşları, o cümlədən Gənc alim və mütəxəssislər şurasının üzvləri müxtəlif mövzularda elmi məruzələrlə çıxış edir və müzakirələr aparırlar.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, pandemiya ilə əlaqədar yaranmış mövcud vəziyyətə uyğun olaraq tədqiqatlarını məsafədən davam etdirən əməkdaşlar elmi seminarın növbəti toplantısını videogörüş vasitəsilə həyata keçiriblər.
Azərbaycan ədəbiyyatşünaslığının görkəmli nümayəndəsi, tənqidçi-alim, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Əziz Mirəhmədovun anadan olmasının 100 illik yubileyinə həsr olunmuş seminarda muzeyin Ədəbi mərasimlər və nəşrlər şöbəsinin əməkdaşı Rəhilə Sadıqova alimin yaradıcılığının elmi tədqiqat istiqamətlərindən bəhs edib.
O, Əziz Mirəhmədovun əsərlərinə istinad edərək bu tənqidi, filoloji irsin müasir Azərbaycan ədəbiyyatının hərtərəfli öyrənilməsi istiqamətində əhəmiyyətini vurğulayıb. Məruzəçi ədəbiyyatşünas alimin Məhəmməd Hadi, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Abdulla Şaiq, Cəfər Cabbarlı ədəbi irsini, həmçinin “Molla Nəsrəddin” məktəbi ənənələrini öyrənən əsərlərini təhlil edərkən onun Azərbaycan realizmi və romantizmi cərəyanlarının nəzəri-filoloji qiymətləndirilməsi işindəki xidmətlərindən danışıb.
Seminar Ə.Mirəhmədovun XIX-XX əsr Azərbaycan ədəbiyyatı və nəzəriyyəsi, mətnşünaslıq, mətbuat tarixi və s. tədqiqat təcrübəsini təqdim edən videoçarxın nümayişi ilə davam etdirilib.
Videoseminarda muzeyin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Nuranə Əsədullayeva, Ekspozisiyanın qorunması, izahı və audiomüşayiətin təmini şöbəsinin müdiri Tomiris Babanlı, Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının tədqiqi və təqdimi şöbəsinin böyük laborantı, dünya ədəbiyyatının tədqiqi üzrə doktorantı Gülnar Əqiq və digərlərinin sual və çıxışları səsləndirilib.