CƏMİYYƏT
Muzeydə “Könüllülük, el köməyi - əsrlərdən gələn dəyərimiz!” mövzusunda tədbir keçiriləcək
Bakı, 31 yanvar, AZƏRTAC
Fevralın 3-də AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində “Könüllülər ili” çərçivəsində “Könüllülük, el köməyi - əsrlərdən gələn dəyərimiz!” mövzusunda tədbir keçiriləcək.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, tədbirdə böyük elmi işçi, dosent Tural Şiriyevin “Könüllülük - tarixi dəyərimiz”, elmi işçi Sahibə Ələkbərovanın “Milli Azərbaycan Tarixi Muzeyində könüllülərdən ibarət “Gənc muzeyşünaslar və muzeysevərlər klubu”nun fəaliyyətinə qısa ekskursiya”, “ASAN könüllüləri” təşkilatının rəhbəri Səbinə Cabbarovanın “Könüllülük fəaliyyəti: Azərbaycan modeli” mövzularında məruzələri dinləniləcək.
Məruzələrdə könüllülük prinsipləri haqqında ətraflı məlumat veriləcək. Mövzu ilə bağlı videoçarx nümayiş ediləcək, muzeyin “Gənc muzeyşünaslar və muzeysevərlər klubu”nun yeni üzvlərinə vəsiqələr təqdim olunacaq.