Nadir və endemik bitkilərin tədqiqində mühüm nəticələr
Bakı, 18 iyun, AZƏRTAC
İlk dəfə olaraq Azərbaycan ərazisində morfoloji və ekoloji xüsusiyyətlərinə, dominant və subdominant növlərinə görə fərqlənən “səhra” bitki tipinin mövcudluğunu elmi əsaslarla sübut etmişəm. Eyni zamanda, “psevdomakki” bitki tipinin Talış, Böyük Qafqaz və Kiçik Qafqaz dağlarında yayıldığını müəyyənləşdirərək bu tiplərin ölkənin bitki örtüyü xəritəsinə daxil edilməsinə nail olmuşam.
Bu barədə AZƏRTAC-a Azərbaycanın tanınmış florist alimi, professor Elşad Qurbanovun məlumat verib. Onun apardığı elmi tədqiqatlar ölkə florasının zənginliyinin daha dərindən öyrənilməsinə mühüm töhfə verib. Alimin araşdırmaları nəticəsində bir çox bitki növlərinin yayılma arealları dəqiqləşdirilib, flora xəritələri yeni elmi məlumatlarla zənginləşdirilib və təbiətin mühafizəsi istiqamətində əhəmiyyətli nəticələr əldə olunub.
Professor Elşad Qurbanov yalnız bitkilərin tanınması ilə kifayətlənməyərək, onların mənşəyi, yayılma yolları, tarixi inkişafı və ekoloji uyğunlaşmaları üzrə geniş tədqiqatlar aparıb. Onun elmi araşdırmaları nəticəsində endemik və relikt bitki növlərinin arealları dəqiqləşdirilib, nadir bitkilərin sistematik mövqeyinə aydınlıq gətirilib və floristik əlaqələr regional və qlobal kontekstdə izah olunub.
Alimin topladığı minlərlə herbari nümunəsi bu gün Azərbaycan botanika elminin ən qiymətli elmi fondlarından biri hesab edilir. Onun müəllifi olduğu monoqrafiyalar, floristik icmallar, atlaslar və elmi məqalələr Azərbaycan florasının elmi pasportu kimi dəyərləndirilir. Bu əsərlər botaniklərlə yanaşı, ekoloqlar, coğrafiyaçılar, torpaqşünaslar və təbiəti mühafizə üzrə mütəxəssislər üçün də mühüm mənbə rolunu oynayır.
Professor Elşad Qurbanovun elmi nəticələri əsasında nadir bitki növlərinin mühafizəsi, qoruq və milli parkların floristik əsaslandırılması istiqamətində mühüm işlər həyata keçirilib. Alimin tədqiqatları ölkədə biomüxtəlifliyin qorunması və davamlı inkişaf strategiyalarının hazırlanmasına da əhəmiyyətli töhfə verib.