Naftalan şəhərində əhalinin pulsuz tibbi müayinədən keçirilməsi uğurla davam etdirilir
Bakı, 21 mart (AZƏRTAC). Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən ölkə əhalisinin pulsuz tibbi müayinədən keçirilməsi kampaniyası Naftalan şəhərində də uğurla davam etdirilir.
Naftalan Şəhər İcra Hakimiyyətindən AzəTAc-a bildirmişlər ki, müayinələrin yüksək səviyyədə təşkili üçün xəstəxana lazımi avadanlıqlarla tam təchiz edilmiş və nəticədə fevralın 17-dən indiyədək 4200-dən çox sakin müayinə olunmuşdur.
Bildirilmişdir ki, Prezident İlham Əliyevin bu humanist təşəbbüsü bir daha dövlətimizin başçısının həyata keçirdiyi siyasətin əsasında insan amilinin, vətəndaşların rifah halının yaxşılaşdırılması, təhlükəsizliyinin və sağlamlığının qorunmasının dayandığını göstərir.
Tərtib edilmiş qrafikə əsasən ilkin olaraq şəhərin idarə və müəssisələrində, təhsil ocaqlarında çalışan insanlar tibbi müayinədən keçirlər. Həmçinin xəstəxanaya gələ bilməyən yaşlı insanlara evlərində tibbi xidmət göstərmək məqsədi ilə şəhərin tibb müəssisələrində çalışan həkimlərdən ibarət səyyar briqadalar yaradılmışdır.
Bu cür müayinələrin aparılması ilk növbədə əhalinin sağlamlığının qorunmasına, xəstəliklərin erkən aşkarlanmasına xidmət edir.
Dövlətimizin başçısının əhalinin sağlamlığının qorunması məqsədi ilə pulsuz tibbi müayinənin təşkili barədə verdiyi tapşırıq şəhər sakinləri tərəfindən yüksək razılıq hissi ilə qarşılanmışdır.