Naftalan şəhərinin 7349 sakininin tibbi müayinədən keçirilməsi nəzərdə tutulur
Bakı, 24 fevral (AZƏRTAC). Dövlətimizin başçısının tapşırığına əsasən əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı aksiya Naftalan şəhərində də uğurla davam edir.
Şəhər icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, sakinlərin məlumatlandırılması və tibbi müayinənin yüksək səviyyədə keçirilməsi üçün bütün zəruri işlər görülmüşdür. Şəhər xəstəxanası lazımi avadanlıqla təchiz olunmuş, icra hakimiyyəti başçısının müvafiq sərəncamı ilə xüsusi komissiya yaradılmışdır. Qrafikə əsasən ilkin olaraq şəhərin idarə və müəssisələrində, təhsil ocaqlarında çalışan işçilər müayinədən keçirilir. Həmçinin xəstəxanaya gələ bilməyən yaşlı insanlara evlərində tibbi xidmət göstərmək məqsədilə səyyar briqadalar təşkil olunmuşdur.
Aksiya müddətində şəhərin 17 yaşdan yuxarı 7349 sakininin müayinədən keçirilməsi nəzərdə tutulmuşdur. İndiyədək 1318 nəfər müayinə olunmuşdur.