Namiq Əliyev: Güləşçilərimiz Avropa çempionatlarında daim uğurla mübarizə aparıblar
Bakı, 4 fevral, AZƏRTAC
Romada keçiriləcək Avropa çempionatında iştirak edəcək heyət açıqlandı. Güclü pəhləvanların yer aldığı heyətin əksəriyyəti gənclərdir. Bizi qitə birinciliyində əsasən Olimpiya çəki dərəcələri maraqlandırır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyev milli komandalarımızın fevralın 4-də mətbuat üçün açıq məşqindən sonra təşkil olunan brifinqdə deyib.
Reytinq xarakteri daşıdığı üçün Avropa çempionatının önəmini xüsusi vurğulayan N.Əliyev bildirib: “Bir çox çəki dərəcələri üzrə müəyyən idmançıları “Tokio-2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa və dünya təsnifat turnirləri üçün qoruyuruq. Buna baxmayaraq, qarşıdakı Avropa çempionatı reytinq xarakteri daşıyır. Yarışın yekunları əsasında reytinq siyahısı formalaşacaq. Gənc pəhləvanlarımız yaxşı çıxış etməsələr, Olimpiya lisenziyalı turnirə zəif reytinqlə qatılacağıq. Xüsusən, Olimpiya çəki dərəcələrində yaxşı nəticə göstərmək lazımdır. Hesab edirəm ki, güləşçilərimiz uğurla çıxış edəcəklər və kifayət qədər medallarımız olacaq”.
Azərbaycan güləşçilərinin Avropa çempionatlarında daim uğurla mübarizə apardıqlarını vurğulayan N.Əliyev qeyd edib: “Əminəm ki, bu dəfə də belə olacaq. Amma əsas hədəfimiz Avropa çempionatı deyil. Bu yarışa adi turnir, məşq prosesi kimi baxırıq. Ona görə də ola bilər ki, bu, medal sayına da təsir göstərsin. Əsas hədəfimiz Olimpiya lisenziyalı turnirlərdir. Aparıcı sərbəst güləşçilər fevralın 15-dən Rusiyanın Kislovodsk şəhərində təlim-məşq toplanışına başlayacaqlar. Avropa çempionatı üçün açıqlanan heyətdəki idmançılardan bir neçəsi də onlara qoşulacaq”.