“Nar” media nümayəndələri üçün “Mobil rabitənin əsasları” mövzusunda təlim təşkil edib
Bakı, 12 may, Elvira Məmmədova, AZƏRTAC
Mayın 12-də “Nar” media nümayəndələri üçün “Mobil rabitənin əsasları” mövzusunda təlim təşkil edib. Təlimə qatılan jurnalistlər, bloqerlər və ictimaiyyət nümayəndələri mobil şəbəkənin fəaliyyəti, mobil internetin əsasları, 2G, 3G və 4G rabitə texnologiyaları haqqında nəzəri və təcrübi biliklər əldə ediblər.
AZƏRTAC xəbər verir ki, təlim “Nar”ın yerli mütəxəssislərindən ibarət peşəkar texniki heyət tərəfindən keçirilib. Təlim zamanı media nümayəndələrinə yüksək keyfiyyətli “Nar” şəbəkəsi haqqında məlumat verilməklə yanaşı, baza stansiyaları ilə də əyani surətdə tanış olmaq fürsəti yaradılıb.
Texniki şöbənin əməkdaşları müxtəlif şəbəkə sınaqları keçirərək, texniki avadanlıqların yüksək fəaliyyətini nümayiş etdiriblər. Yeni 4G avadanlıqlarının iş prinsipi təlim iştirakçılarının böyük marağına səbəb olub. İştirakçılara mobil texnologiyanın gələcək inkişaf perspektivləri haqqında ətraflı məlumat verilməklə yanaşı, “Nar” şəbəkəsinin qurulması və yenilənməsi zamanı ən son texnologiyadan istifadə edilməsi haqqında məlumat təqdim edilib.
Təlimdə “Nar” şəbəkəsinin son 2 il ərzində 2 dəfədən çox artması və 5600-dən artıq baza stansiyadan ibarət dayanıqlı şəbəkənin abunəçilərə yüksək keyfiyyətli xidmət göstərməsi vurğulanıb.
Sonda təlimi uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunub.