Narkomaniya ilə bağlı maarifləndirmə işi genişləndirilir
Bakı, 29 iyun, AZƏRTAC
26 İyun - Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü ilə əlaqədar ölkəmizdə bir sıra maarifləndirici tədbirlər həyata keçirilib.
Bu barədə AZƏRTAC-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan məlumat verilib.
Bildirilib ki, “Narkotik beyində silinməz izlər buraxır” və “802-Qaynar xətt” xidmətinin fəaliyyət istiqamətlərinə dair hazırlanmış sosial çarx Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) vasitəsilə Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində, Bakı Beynəlxalq Avtovağzal Kompleksində və digər sosial əhəmiyyətli ictimai yerlərdə yerləşdirilmiş informasiya monitorlarında yayımlanır.
Gəncləri narkotik vasitələrin və psixotrop maddələrin zərərləri barədə məlumatlandırmaq, habelə narkomaniyaya qarşı mübarizədə ictimai fəallığı gücləndirmək məqsədilə hazırlanmış sosial çarxlarda Dövlət Komissiyasının "802 Qaynar xətt" xidməti barədə ətraflı məlumat verilir.
Qeyd edək ki, bu sosial çarxların uzunmüddətli yayımlanması nəzərdə tutulur.