Narkomaniya və zərərli vərdişlərə qarşı mübarizəyə dair maarifləndirici tədbir keçirilib
Bakı, 25 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin layihəsi çərçivəsində “Miqrasiya Sahəsinin İnkişafı” İctimai Birliyi və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu ilə birlikdə 2 saylı Tibb Kollecində “Narkomaniya və zərərli vərdişlərə qarşı mübarizəyə” dair mövzusunda tədbir keçirilib.
Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupundan AZƏRTAC-a bildiriblər ki, tədbirdə, Miqrasiya Sahəsinin İnkişafı İctimai Birliyinin sədri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun məsul əməkdaşı iştirak ediblər. Görüşdə, tələbələrə narkomaniyanın dövlətə, cəmiyyətə və insanların sağlamlığına ziyanı, onun törətdiyi sosial bəlalar barədə ətraflı məlumatlar verilib, onları maraqlandıran suallar ətrafında diskussiyalar aparılıb.
Sonda Dövlət Komissiyasının işçi qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları uşaqlar arasında paylanılıb, o cümlədən məktəbin müəllim heyətinə “Narkotik vasitələrin və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün” metodik tövsiyələr təqdim edilib.