Narkomanlığa qarşı mübarizəyə dair profilaktik tədbirlər davam etdirilir
Bakı, 2 iyul, AZƏRTAC
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.3-cü yarımbəndinə əsasən, profilaktik tədbirlərin keyfiyyətinin artırılması məqsədilə həmin tədbirləri icra edən şəxslərin peşəkarlığının yüksəldilməsi üzrə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Qəbələ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə növbəti maarifləndirici tədbir təşkil olunub.
Bu barədə AZƏRTAC-a İşçi Qrupundan məlumat verilib.
Bildirilib ki, tədbirdə Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon komissiyanın sədri, rayon komissiyanın üzvləri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun nümayəndələri iştirak ediblər.
Çıxışlar zamanı narkotik vasitələrdən istifadənin doğurduğu tibbi, sosial və hüquqi fəsadlar, narkomaniyanın insan sağlamlığına, ailə institutuna və cəmiyyətin mənəvi dəyərlərinə vurduğu zərərlər barədə ətraflı məlumat verilib. Eyni zamanda, mövcud qanunvericilik mexanizmləri, profilaktik tədbirlərin əhəmiyyəti və gənclərin sağlam həyat tərzinə təşviqi, onların asudə vaxtının səmərəli təşkili məsələləri diqqətə çatdırılıb. Tədbir iştirakçılarının sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış "Rəqəmsal mühitdə gizli narkotik riskləri", "Yeniyetmələr və gənclər üçün", "Sən bunlara hazırsan?", "Narkotik vasitələrdən istifadə nəticəsində insan orqanizmində baş verən fəsadlar" və "Məlumatlı ol, cinayət törətmə" adlı bukletlər iştirakçılara paylanılıb.