Naxçıvan Dövlət Universitetində Konstitusiyamıza dair məruzələr dinlənilib
Naxçıvan, 12 noyabr, AZƏRTAC
Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul edilən Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkəmizin tarixində dördüncü konstitusiyasıdır. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən olmaqla yanaşı, Ulu Öndərin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir.
Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu sözləri universitetdə Konstitusiya Gününə həsr olunan tədbirdə çıxış edən ali təhsil ocağının Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov deyib. Bildirilib ki, Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəddir.
Universitetin Hüquq fənləri kafedrasının baş müəllimi Yunis Xəlilov çıxış edərək bildirib ki, qanunvericilik sisteminin əsasını təşkil edən, Azərbaycan Respublikasında ən yüksək və birbaşa hüquqi qüvvəyə malik olan Konstitusiya ölkədə siyasi sabitliyin, ictimai sülhün və milli barışığın qarantı kimi çıxış edir, hüquqi-siyasi münasibətlər sisteminə və hüquq düşüncəsinə əhəmiyyətli təsir göstərir.
Hüquqşünaslıq ixtisası üzrə II kurs tələbəsi çıxışında vurğulayıb ki, Konstitusiyada insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsinin, ölkə vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsinin Azərbaycan dövlətinin ali məqsədi kimi müəyyənləşdirilməsi, dövlətin üzərinə hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat vermək vəzifəsinin qoyulması müstəsna əhəmiyyət kəsb edir. Bu, o deməkdir ki, azad cəmiyyətin aparıcı qüvvəsi olan insan amili ölkə Konstitusiyasının diqqət mərkəzində durur.
Sonda Naxçıvan Dövlət Universiteti Televiziyasının hazırladığı videoçarx nümayiş etdirilib.