Naxçıvan Dövlət Universitetinin müəlliminin elmi məqaləsi Rumıniyada çap olunub
Naxçıvan, 12 noyabr, AZƏRTAC
Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Şamxal Məmmədovun “I Dünya müharibəsi ərəfəsində və müharibə illərində Rusiyanın Cənubi Qafqaz və Yaxın Şərq siyasətində erməni amili” sərlövhəli elmi məqaləsi Rumıniyada “Scopus” indeks bazasına malik “Transylvanian Review” jurnalında dərc olunub.
Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, məqalədə I Dünya müharibəsi illərində erməni amilindən türklərə qarşı necə istifadə edildiyi və regionda onlara verilən dəstəkdən bəhs edilir. Məqalədə Osmanlı torpaqları və Cənubi Qafqaz regionunda “böyük Ermənistan” xəyallarını həyata keçirmək istəyən ermənilərin törətdikləri qətliamlar və bunun üçün bəzi dairələrdən aldıqları hərbi-siyasi dəstək barədə ətraflı məlumat verilir.
Rusiyada çarizmin devrilməsindən sonra baş verən proseslər, rus qoşunları ilə birlikdə ermənilərin də işğal etdikləri türk torpaqlarını tərk etməsi, “böyük Ermənistan” qurmaq planlarının növbəti dəfə alt-üst olması məqalədə faktlarla diqqətə çatdırılır.
Məqalə ilə daha ətraflı aşağıdakı linkdən tanış olmaq mümkündür.