“NAXÇIVAN KUBOKU UĞRUNDA” BEYNƏLXALQ TURNİR KEÇİRİLMİŞDİR
Şərur, 17 noyabr (AZƏRTAC). Şərur Olimpiya İdman Kompleksində Naxçıvan kuboku uğrunda sərbəst güləş üzrə beynəlxalq turnir keçirilmişdir.
Turnir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Şərur şəhərindəki abidəsinin önünə gələrək xatirəsini yad etmişlər.
Sonra beynəlxalq turnirin açılış mərasimi olmuşdur.
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov güləşçiləri salamlayaraq demişdir ki, ümummilli lider Heydər Əliyevin gənclər siyasəti bu gün ölkəmizdə uğurla davam etdirilir. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycanın bölgələrində olimpiya idman kompleksləri tikilir, idmançılara məşq etmələri üçün geniş şərait yaradılır. Bunun nəticəsidir ki, ölkə idmançıları dünya miqyaslı yarışlarda uğurla çıxış edərək qızıl medallar qazanır və Azərbaycanın bayrağını beynəlxalq idman arenalarında dalğalandırırlar.
Naxçıvan Muxtar Respublikasında da idmana böyük dövlət qayğısı vardır. Şərur şəhərində inşa edilmiş Olimpiya İdman Kompleksi və burada məşqlərə gələn gənclərin müxtəlif turnirlərdə iştirakı bunun bariz nümunəsidir.
Mərasimdə Azərbaycan Güləş Federasiyasının regionlar üzrə vitse-prezidenti Cavanşir Qurbanov, güləş üzrə Olimpiya çempionu Namiq Abdullayev və başqaları çıxış edərək idmanın inkişafından danışmışlar.
Naxçıvan MR Güləş Federasiyasının sədri Azər Zeynalov çıxış edərək Naxçıvan MR Ali Məclisin sədri Vasif Talıbovun salamlarını turnir iştirakçılarına çatdırmış, idmançılara uğurlar arzulamışdır.
Azərbaycan Respublikasının dövlət himni səsləndikdən sonra yarışa start verilmişdir.
Azərbaycan Respublikası və Naxçıvan MR Gənclər və İdman nazirliklərinin, eləcə də Azərbaycan Respublikası və Naxçıvan MR-in Güləş federasiyalarının təşkilatçılığı ilə keçirilən turnirə Naxçıvan 1, Azərbaycan 2, Rusiya, Türkiyə və İran İslam Respublikası isə hərəsi 1 komanda ilə qatılmışlar. Ümumilikdə turnirdə 10 çəki dərəcəsində 70 güləşçi iştirak etmişdir.
Komanda hesabında Naxçıvan komandası 1-ci, Azərbaycan komandası 2-ci, Türkiyə komandası isə 3-cü yeri qazanmışlar.
Qaliblərə təşkilatçılar tərəfindən kubok, diplom və qiymətli hədiyyələr təqdim olunmuşdur.
######
![]() |
![]() |

