İQTİSADİYYAT
Naxçıvan Muxtar Respublikasında 38 ədəd yeni nəsil telefon stansiyaları quraşdırılıb
Naxçıvan, 26 iyul (AZƏRTAC). Naxçıvan Muxtar Respublikası əhalisinə göstərilən rabitə xidmətinin səviyyəsini yüksəltmək məqsədilə Şahbuz və Babək rayonlarını əhatə edən 13 min 952 abonent tutumlu 38 ədəd yeni nəsil telefon stansiyaları quraşdırılıb.
Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, “Naxtel” simsiz telefon şəbəkəsinin əhatəsinin genişləndirilməsi məqsədilə 5 yeni baza stansiyası istifadəyə verilib, “Naxtel” üzərindən qısa mesaj (SMS) xidmətinin göstərilməsi üçün avadanlıqlar qurulub, digər mobil operatorlarla SMS mübadiləsi təmin edilib. Bundan əlavə, “Naxtel”in toplu SMS xidmət mərkəzi yaradılıb.
Muxtar respublikada bütün yaşayış məntəqələrinin genişzolaqlı internetlə təmin edilməsi məqsədilə cari ilin ilk altı ayı ərzində Naxçıvan şəhərində EV-DO texnologiyası əsasında genişzolaqlı simsiz internet xidməti təşkil edilib, Babək rayonunun Zeynəddin, Ordubad rayonunun Vənənd, Culfa rayonunun Əlincə, Əbrəqunus, Milax və Ləkətağ, Şahbuz rayonunun Kolanı kəndlərində DSLAM avadanlığı quraşdırılıb. Hazırda muxtar respublikanın yaşayış məntəqələrinin 92 faizində genişzolaqlı internet xidməti təşkil edilib. Bundan əlavə, Naxçıvan şəhərində “Evədək optika” layihəsinin icrası davam etdirilir.