Naxçıvan Muxtar Respublikasında əhalinin kütləvi tibbi müayinəsinə başlanmışdır
Naxçıvan, 22 fevral (AZƏRTAC). Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən respublikamızın hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında (MR) da əhalinin kütləvi tibbi müayinəsinə başlanmışdır.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tibbi yardımın təşkili şöbəsinin müdiri Süleyman Cəfərov AZƏRTAC-a bildirmişdir ki, bu kampaniyanın mütəşəkkil sürətdə həyata keçirilməsi üçün muxtar respublikanın Səhiyyə Nazirliyi tərəfindən xüsusi əmr və tədbirlər planı hazırlanaraq tibb müəssisələrinə göndərilmiş və icra ilə bağlı tapşırıqlar verilmişdir.
Tibbi müayinə tədbirlərinin effektivliyinə nail olmaq üçün kütləvi informasiya vasitələrində çıxışlar edilmiş, rayon və şəhər tibb müəssisələrində maarifləndirici elmi-praktik seminarlar keçirilmiş, Naxçıvan şəhər poliklinikasında, mərkəzi uşaq xəstəxanasında və rayon mərkəzi xəstəxanalarında həkim briqadaları yaradılmışdır.
Fevralın 17-dən etibarən muxtar respublikada tibbi müayinə tədbirlərinə start verilmişdir. Qeyd edilmişdir ki, 7 rayon mərkəzi xəstəxanası, 3 kənd sahə xəstəxanası, 90 həkim ambulatoriyası və 105 feldşer-mama məntəqəsi əhalini kütləvi profilaktik müayinədən keçirir. Naxçıvan şəhərində bu tədbirlər 1 poliklinika, 4 ixtisaslaşdırılmış dispanser və digər səhiyyə ocaqlarında aparılır.
Növbəti bu cür tədbir fevralın 22-də Naxçıvan Müalicə-Diaqnostika Mərkəzində təşkil olunmuşdur. Bu günədək qeyd olunan müəssisələr tərəfindən 10 mindən artıq vətəndaş tibbi müayinədən keçirilmişdir. Aşkar olunan ilkin xəstələr, xəstəliyə meylli insanlar, eləcə də qeydiyyatda olan xroniki xəstələr əlavə müayinələrə cəlb edilmişlər.
Kütləvi müayinə tədbirləri sürətlə və ardıcıllıqla cari ilin may ayına qədər davam etdiriləcəkdir.
Kütləvi tibbi müayinələrdən keçənlər əhalinin sağlamlığına göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.