REGİONLAR
Naxçıvanda ailə təsərrüfatlarına dövlət dəstəyi göstərilir
Kəngərli, 30 sentyabr, AZƏRTAC
Muxtar respublikada ailə təsərrüfatları kənd təsərrüfatı ilə məşğul olanların əsas hissəsini təşkil edir. Hər il muxtar respublikada belə təsərrüfatlar yaradılır, tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artır, ixracın həcmi yüksəlir. Bu tədbirlərin davamı olaraq Kəngərli rayonunun Çalxanqala kəndində ailə təsərrüfatçısı dövlət maliyyə dəstəyi hesabına çaxır emalı sahəsini genişləndirib.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu məqsədlə keçirilən tədbirdə iştirak edən iqtisadiyyat naziri Tapdıq Əliyev çıxış edərək, muxtar respublikada ailə təsərrüfatlarının inkişafı istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyini vurğulayıb. Bildirib ki, yaradılan şərait nəticəsində ailə təsərrüfatlarının sayı getdikcə artır, ailə biznesi genişlənir. Bu da kiçik və orta sahibkarlığın inkişafına əlavə imkanlar açır. Kəngərli rayonunda təşkil edilən bu tədbirin məqsədi nümunəvi ailə təsərrüfatlarının iş təcrübələrinin muxtar respublikanın bütün rayonlarında fəaliyyət göstərən ailə təsərrüfatlarına aşılanmasıdır. Tapdıq Əliyev ailə təsərrüfatlarının inkişafına göstərdiyi diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.
Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov deyib ki, Kəngərli rayonunda ailə təsərrüfatlarının inkişafı istiqamətində ardıcıl tədbirlər görülür. Rayonda aqrar sahəyə göstərilən hərtərəfli dövlət dəstəyindən bəhrələnən ailə təsərrüfatları kənd təsərrüfatının bütün sahələrində yaxından iştirak edirlər.
Məlumat verilib ki, burada 110 kvadratmetr sahədə tikinti işləri, 80 kvadratmetr sahədə təmir işləri aparılıb, istehsal üçün 9 yeni taxta çəllək, 10 ədəd iri küp, ümumi tutumu 8 ton olan Rusiya istehsalı 3 ədəd çən quraşdırılıb.
Təmir-tikinti işlərinə və avadanlıqların alınmasına 58 min manat vəsait sərf olunub ki, bunun da 38,500 manatı muxtar respublikanın Sahibkarlığın İnkişafı Fondunun payına düşüb.
Qeyd edilib ki, hazırda təsərrüfatda ağ və qara olmaqla, 5 çeşiddə üzüm çaxırı və 1 çeşiddə üzüm arağı istehsal olunmaqdadır. Yaxın gələcəkdə bu işin genişləndirilməsi və viski istehsalına başlanılması nəzərdə tutulur. Təsərrüfatda istehsal olunan məhsullar yalnız muxtar respublikada deyil, eyni zamanda Azərbaycanın digər regionlarında da satılır. Belə ki, təkcə 2022-ci ilin ötən dövrü ərzində 1 tondan çox məhsul Azərbaycanın digər rayonlarına göndərilib. Həmçinin təsərrüfatda yetişdirilən “qara mələyi”, “ağ üzüm”, “sarı kişmişi” kimi üzüm sortları məhsulun xammalla təchizatını təmin edib. Üzüm bağı ərazisinin artırılması və üzüm sortlarının çoxaldılması istiqamətində işlər davam etdirilir.
Ailə təsərrüfatçısı Mətləb Dünyamalıyev göstərilən qayğı nəticəsində ailə təsərrüfatını xeyli genişləndirdiyini bildirib, yaradılan şəraitə görə dövlətimizə minnətdarlıq edib.