Naxçıvanda dövlət orqanlarını təmsil edən məsul əməkdaşlar üçün təlimlərə start verilib






Naxçıvan, 25 aprel, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının 19 dövlət orqanını təmsil edən 40 məsul əməkdaş üçün “Rəhbərlər üçün İnkişaf Proqramı” başlayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 2 ay davam edəcək proqramın təlimçisi ABŞ-ın “Beynəlxalq Liderlik Proqramı”nın məzunu İlhamə Novruzovadır. Naxçıvan Təlim Mərkəzi publik hüquqi şəxsin təqdim etdiyi proqram fərqli idarəetmə mexanizmlərini, rəhbərin məsuliyyət sahələrini, natiqlik və təqdimat bacarıqlarını, şəxsi effektivliyin artırılmasını, komanda təşkilində konstruktiv həll yollarını əhatə edir.
Təlimin ilk günündə özünütəqdimatlar və interaktiv müzakirələr keçirilib. İştirakçılara real təcrübələr vasitəsilə effektiv liderlik bacarıqları aşılanıb, menecer və lider arasındakı fərqlərdən danışılıb. Situativ və sistem idarəetmə texnologiyası istiqamətində davam edən intensiv təlim iştirakçıların marağına səbəb olub.
Naxçıvan Təlim Mərkəzi tərəfindən xüsusi hazırlanan “Rəhbərlər üçün İnkişaf Proqramı”nın məqsədi səlahiyyət sahibi olan top-menecerlərin uğurlu komanda quruculuğu və liderlik bacarıqlarının artırılması, yeni model idarəçilik tərzlərinin təşviqidir. 32 saatı əhatə edən təlim sessiyalarına şöbə və sektor müdirləri, böyük mütəxəssislər cəlb olunublar. Proqramı müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikatlar təqdim ediləcək.