Naxçıvanda güləşçilər üçün seminar keçirilib
Naxçıvan, 10 avqust, AZƏRTAC
Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbində sərbəst güləş növü ilə məşğul olan idmançılar üçün taktiki-texniki seminar təşkil olunub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, seminara gənclərdən ibarət milli komandanın məşqçisi - beynəlxalq dərəcəli idman ustası, Əməkdar məşqçi Rövşən Hacıyev rəhbərlik edib. Tədbirdə paytaxt Naxçıvan və bölgələrdən, ümumilikdə, 60-a yaxın idmançı, o cümlədən məşqçilər iştirak edib.
Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov idmançıları seminarın keçirilmə məqsədi və əhəmiyyəti barədə məlumatlandırıb. Hacı Əliyev kimi dünya miqyasında tanınan bir idmançının bu sahədə ilk addımlarını məhz Naxçıvan güləş məktəbində atdığını xatırladan Rövşən Hacıyev vurğulayıb ki, bu amil hər bir güləşçi üçün ümid və inam qaynağı olmalıdır. Burada yaradılan əlverişli şəraitdən istifadə etməklə yanaşı, idmançı olaraq da üzərinizdə möhkəm çalışmalısınız. Bugünkü görüşün əsas məqsədi də güləşçilərə yeni təcrübələr aşılamaqdır.
Çıxışların ardından məşq prosesinə başlanılıb. İsinmə hərəkətlərinin ardınca Rövşən Hacıyev sərbəst güləşçinin oyun zamanı və buna qədər hansı amillərə diqqət yetirəcəyi barədə danışıb. Müdafiə, hücum və əks hücum zamanı yaranan vəziyyətlər və bu anda istifadə olunacaq manevrlər nümayiş etdirilib, güləşdə tətbiq olunan ən son qaydalar barədə məlumat verilib. Məşqçi və idmançıları maraqlandıran suallar təcrübəli mütəxəssis tərəfindən cavablandırılıb.
Qeyd edək ki, seminar muxtar respublikanın Gənclər və İdman Nazirliyi ilə Güləş Federasiyası tərəfindən birgə təşkil olunub.