Naxçıvanda istedadlı qanun ifaçısının və şagirdlərinin konserti olub
Naxçıvan, 30 aprel, AZƏRTAC
Naxçıvan Şəhər Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin qanun ixtisası üzrə müəllimi Sevinc Babayevanın və onun şagirdlərinin “Gənclik” Mərkəzində Naxçıvan Muxtar Respublikasının 95 illiyinə həsr edilmiş konserti olub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirin aparıcısı muxtariyyət tariximizin son 20 ildən artıq dövründə muxtar respublikanın hərtərəfli və dinamik inkişafı barədə danışıb.
İstedadlı qanun ifaçısı Sevinc Babayevanın ifa etdiyi Adil Gərayın “Baxça-Kürd”, Zakir Bağırovun “Rapsodiya”, Dadaş Dadaşovun “Skerso”, Səid Rüstəmovun “Qaytağı”, Azər Rzayevin “Çahargah rapsodiyası” musiqi əsərləri alqışlarla qarşılanıb.
Konsertdə istedadlı müəllimin şagirdlərindən Fidan Şirəliyeva, Nuray Tağılı, Nilgün Məmmədli, Xalidə Əsgərova, Ləman Kəngərli və Sona Hüseynovanın ifasında Azərbaycan bəstəkarlarından Ü.Hacıbəylinin, S.Ələsgərovun, S.Rüstəmovun, A.Gərayın, rus bəstəkarlarından P.Çaykovskinin, L.Dimitreskunun, M.Blanterin, gürcü bəstəkarı R.Laqidzenin və başqalarının musiqiləri də səsləndirilib.
Konsertə Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Nərminə Qədimova konsertmeysterlik edib. Qanun ifaçılarını zərb alətlərində Naxçıvan Musiqi Kollecinin tələbələri, Qran-Pri mükafatçısı Nəcəf Hacılı və Mahir Rüstəmov müşayiət ediblər.
Bir saatdan artıq davam edən konsert tamaşaçılarda xoş ovqat yaradıb.
Konsertdən sonra Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək muxtar respublikamızda mədəniyyət və incəsənətin bütün sahələrinə, o cümlədən musiqiyə böyük diqqət və qayğının göstərildiyini qeyd edib, konsert iştirakçıları adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.
Qeyd edilib ki, Naxçıvan Şəhər Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbi 2002-ci ildən görkəmli musiqişünas və rəssam, tədqiqatçı Ərtoğrol Cavidin adını daşıyır. Bu musiqi məktəbi muxtar respublikanın seçilən təhsil ocaqlarındandır.
Bildirilib ki, Sevinc Babayeva Naxçıvan Musiqi Kollecini bitirdikdən sonra Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin Qanun ixtisasına daxil olub və buranı bitirib. O, I Respublika müsabiqəsinin Qran-Pri mükafatına layiq görülüb. Sevinc Babayeva Azərbaycanda və muxtar respublikada keçirilən bir sıra müsabiqələrdə uğurla iştirak edib, diplomlara layiq görülüb. Bu il Sevinc Babayeva daha bir uğuru ilə musiqisevərləri sevindirib. İstedadlı qanun ifaçısı mart ayında Bakı şəhərində keçirilən “Testene ART Baku” III Beynəlxalq incəsənət festival-müsabiqəsində iştirak edərək I dərəcəli diploma layiq görülüb.
Nazir gənc musiqiçi kadrların hazırlanmasında məktəb kollektivinə uğurlar arzulayıb.