CƏMİYYƏT
Naxçıvanda keçirilən elmi-praktik seminarda müasir stomatologiyanın aktual problemləri müzakirə olunmuşdur
Naxçıvan, 30 may (AZƏRTAC, Tural Kəngərli). Naxçıvan Muxtar Respublikası (MR) Səhiyyə Nazirliyi, Azərbaycan “İmplantoloq” İctimai Birliyi və Naxçıvan MR Stomatoloji Mərkəzinin birgə təşkilatçılığı ilə “Stomatologiyada innovasiyalar” mövzusunda elmi-praktik seminar keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Naxçıvan MR Səhiyyə Nazirliyinin şöbəsinin müdiri Süleyman Cəfərov tədbiri giriş sözü ilə açaraq muxtar respublikada vətəndaşların sağlamlığının qorunması istiqamətində görülən mühüm işlərdən danışmışdır. Qeyd edilmişdir ki, yeni tikilən və yaxud əsaslı təmir edilərək yenidən qurulan xəstəxanalar, həkim ambulatoriyaları, feldşer-mama məntəqələri, səhiyyə ocaqlarının müasir tibbi avadanlıq və texnika ilə təchiz edilməsi yüksək ixtisaslı kadrlara tələbatı daha da artırmışdır.
Seminarda Azərbaycan “İmplantoloq” İctimai Birliyinin sədri, İsveçrənin Beynəlxalq İmplantdentlər Təşkilatının Azərbaycandakı tədris qrupunun rəhbəri, tibb üzrə fəlsəfə doktoru Cabbar Həsənov “Dişlərin implantasiyası və onun müasir stomatologiyada yeri”, Azərbaycan “Ortodontlar” Cəmiyyətinin üzvü, İmplantdent Klinikasının ortodont-stomatoloqu Teymur Məmmədov “Retensiya olmuş dişlərin ortodonik müalicəsi”, Azərbaycan “İmplantoloq” İctimai Birliyinin, Beynəlxalq İmplantdentlər Təşkilatının üzvü, İmplantdent Klinikasının həkim-stomatoloqu Hikmət Baxışov “Modern prepasiya, elementlər və qaydalar. Ölçü texnikasında innovasiyalar” mövzularında məruzələr etmişlər.
Naxçıvan MR Stomatoloji Mərkəzinin baş həkimi Səkinə Məmmədova seminar iştirakçılarına muxtar respublikada müasir stomatologiyanın inkişafı barədə məlumat vermiş, İmplantdent Naxçıvan Klinikasının baş həkimi, tibb üzrə fəlsəfə doktoru Rauf Cəfərov “Stomatoloji xidmətdə ortodonik müalicə ilə implantasiyanın birgə tətbiqi” mövzusunda çıxış etmişdir.
Muxtar respublika stomatoloqları, diş texnikləri, Naxçıvan Dövlət Universitetinin tibb fakültəsi və Naxçıvan Tibb Kolleci tələbələrinin iştirak etdiyi seminarda mövzu ətrafında müzakirələr aparılmış, suallar cavablandırılmış, tədbir iştirakçılarına kitabça və bülletenlər paylanmışdır.