Naxçıvanda nüvə və radioloji fəaliyyət sahəsində silsilə maarifləndirmə tədbirləri keçirilib
Bakı, 26 noyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi (NRFTDA) səlahiyyətləri daxilində ölkədə nüvə və radioloji fəaliyyət sahəsində təhlükəsizliyin təmin edilməsi sahəsində zəruri tədbirlərin görülməsini davam etdirir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, muxtar respublikanın dövlət və özəl tibb müəssisələrinin, Baş Gömrük İdarəsinin, habelə ərazidəki sənaye müəssisələrinin əməkdaşları üçün maarifləndirmə tədbirləri təşkil olunub. Həmin tədbirlərdə radiasiya təhlükəsizliyinə dair müvafiq mövzuları əhatə edən təqdimatlar edilib, suallar cavablandırılıb.
Agentliyin mütəxəssisləri, həmçinin Naxçıvan Baş Gömrük İdarəsinin Hava limanı, Culfa, Sədərək və Şahtaxtı Gömrük postlarında, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tabeliyində olan “Sertifikatlaşdırma və Metrologiya Mərkəzi” və Səhiyyə Nazirliyinin tabeliyindəki “Səhiyyə Müəssisələrinin Təminatı Mərkəzi” publik hüquqi şəxslərdə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzində maarifləndirici tədbirlər keçiriblər.
Tədbirlərdə agentliyin fəaliyyət istiqamətləri və radiasiya təhlükəsizliyi sahəsində maarifləndirmənin əhəmiyyətindən danışılıb, həmçinin sahibsiz radioaktiv mənbələrlə davranış sahəsində mövcud vəziyyət barədə ətraflı məlumat verilib. Eyni zamanda, nüvə və radioloji fəaliyyətlər, nəzarət mexanizmləri, sahibsiz radioaktiv mənbələr və onların aşkar edilməsi, həmin mənbələrlə davranış zamanı qurumların fəaliyyətinin əlaqələndirilməsi, nüvə və radioloji qəza hallarında idarəetmə mexanizmi məsələləri müzakirə olunub. Həmin mövzularla bağlı Agentliyin əməkdaşları tərəfindən təqdimatlar edilib, videoçarxlar nümayiş olunub, suallar cavablandırılıb.