Naxçıvanda Uşaqları Beynəlxalq Müdafiə Günü qeyd olunub
Naxçıvan, 1 iyun, AZƏRTAC
İyunun 1-də Naxçıvan Dövlət Musiqili Dram Teatrında Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə tədbir keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə istedadlı uşaqların əl işlərindən və rəsm əsərlərindən ibarət sərgiyə baxıblar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov tədbirdə çıxış edərək deyib ki, uşaqların fiziki və mənəvi cəhətdən sağlam, vətənpərvər ruhda tərbiyəsi diqqətdə saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə uşaq bağçaları, ümumtəhsil məktəbləri, məktəbdənkənar təhsil müəssisələri, uşaq musiqi məktəbləri tikilərək və ya yenidən qurularaq istifadəyə verilib. Ümumtəhsil məktəblərində maddi-texniki baza gücləndirilib, elektron təhsilin tətbiqi genişlənib, zəngin kitabxana fondları yaradılıb. Bütün bunlar isə tədrisin keyfiyyətini artırıb, uşaqların bilikli, yüksək dünyagörüşə malik vətəndaş kimi formalaşmasına geniş imkanlar açıb.
Qeyd olunub ki, xüsusi yaradıcılıq potensialı və qabiliyyəti ilə seçilən uşaqlar da diqqətdə saxlanılıb, istedadlı uşaqların adı “Gənc istedadların “Qızıl kitabı”na yazılaraq onlara xüsusi təqaüdlər verilir. Uşaqların istifadəsinə filarmoniya və teatrlar, kitabxana və yaradıcılıq mərkəzləri, idman və şahmat məktəbləri verilib. Muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların da hərtərəfli qayğı ilə əhatə olunduğunu, onların təhsilə cəlbinin, cəmiyyətə inteqrasiyasının və reabilitasiyasının diqqət mərkəzində saxlanıldığını bildirən Rəhman Məmmədov uşaqları təbrik edib, onlara təhsillərində uğurlar arzulayıb.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova bildirib ki, bu gün muxtar respublikada dövlət uşaq siyasəti uğurla həyata keçirilir. Muxtar respublikada 215 ümumtəhsil məktəbi, 26 uşaq musiqi məktəbi, 21 məktəbəqədər, 36 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir ki, onların da əksəriyyəti müasir şəraiti olan binalarla təmin edilib. Ümumtəhsil məktəblərində 600-dən çox elektron lövhə quraşdırılıb, 87 faizi internetə qoşulmaqla, hər 11 şagird 1 kompüterlə təmin olunub. Bu gün uşaqların peşə təhsilinə cəlbi də qarşıda duran əsas vəzifələrdəndir. 2017-2018-ci tədris ilində 3500-dən çox uşaq maraqlarına uyğun peşə və ixtisaslara yönləndirilib.
Sonra tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təhsil, idman, incəsənət nominasiyaları üzrə ilin ən yaxşı 25 istedadlı uşağına hədiyyələr və fəxri fərmanlar təqdim olunub.
Tədbirin bədii hissəsində muxtar respublikada fəaliyyət göstərən məktəbəqədər və məktəbdənkənar tərbiyə müəssisələrinin, musiqi məktəblərinin, folklor qrupları kollektivlərinin, o cümlədən Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin “Əlvan çiçəklər” və Naxçıvan Dövlət Uşaq Filarmoniyasının mahnı və rəqs ansambllarının, Naxçıvan şəhərindəki 11 nömrəli uşaq bağçasının balaca fidanlarının çıxışları olub.