REGİONLAR
Naxçıvanda Vətən müharibəsi iştirakçıları, şəhid ailələri hərtərəfli diqqət və qayğı ilə əhatə olunurlar
Naxçıvan, 10 avqust, AZƏRTAC
Naxçıvan şəhərində Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibə iştirakçıları, yaralananlar və onların yaxınları, həmçinin müharibədən zərər çəkənlərlə bağlı yaradılan Psixoloji Dəstək Xidməti uğurla fəaliyyət göstərir.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosundan bildirilib ki, nazirliyin Regional İnformasiya Mərkəzində təşkil olunan xidmətdən hazırda 40-a yaxın şəxs istifadə edir. Onlara mərkəzin psixoloqu tərəfindən lazımi psixoloji bərpa xidmətləri göstərilir.
Sözügedən xidmətə müraciətin daha da asanlaşdırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytı olan sosial.nmr.az-da “Şəhid ailələri və müharibədə yaralananlara psixoloji dəstək” adlı xüsusi bölmə (http://sosial.nmr.az/psixidestek) də istifadəyə verilib. Belə ki, Psixoloji Dəstək Xidmətindən yararlanmaq istəyən muxtar respublika sakinləri həmin bölməyə daxil olmaqla qeydiyyatdan keçə və ya (036) 545-65-26 nömrəli əlaqə telefonuna müraciət edə bilərlər.