Naxçıvanın səhiyyə işçiləri üçün seminar-treninq keçirilmişdir
Naxçıvan, 13 may (AZƏRTAC). Naxçıvan MR Səhiyyə Nazirliyi bölgədə aparılan peyvənd işi ilə məşğul olan tibb işçilərinin biliklərinin artırılması, immunlaşdırma tədbirlərinin təkmilləşdirilməsi və keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə pediatrlar, epidemioloqlar və vaksinatorlar üçün seminar-treninq keçirmişdir.
AZƏRTAC xəbər verir ki, nazir müavini Valid Kazımov səhiyyə müəssisələrinin yaradılmasına göstərilən dövlət qayğısından danışmış, yoluxucu xəstəliklərin müalicəsində tibbi profilaktikanın mühüm əhəmiyyət kəsb etdiyini bildirmişdir. Demişdir ki, xəstəliyin qarşısının vaxtında alınması onun müalicəsindən qat-qat asandır. Bu sahədə vaksinatorların üzərinə mühüm vəzifələr düşür. Bugünkü seminar-treninq də onların biliklərinin artırılmasına xidmət edir.
Qeyd olunmuşdur ki, Dünya Səhiyyə Təşkilatının qəbul etdiyi proqrama əsasən, bütün dünyada uşaqlar vərəm, polimielit, tetanus, difteriya, göy öskürək, qızılca, məxmərək, hepatit B infeksiyalarına qarşı mütləq peyvənd olunmalıdırlar. Ölkəmizdə yoluxucu xəstəliklərlə mübarizə işinə böyük əhəmiyyət verilir. Son illər respublika ərazisində keçirilən irimiqyaslı tədbirlər nəticəsində yoluxucu xəstəliklərin tam ləğvinə nail olunmuşdur. İmmunoprofilaktika yoluxucu xəstəliklərin qarşısının alınması istiqamətində məcburi dövlət tədbiridir. Bu tədbirlər bütün şəhər və kəndlərdə, poliklinikalarda, sahə xəstəxanalarında, feldşer-mama məntəqələrində aparılır.
Çıxışlarda idarəolunan yoluxucu xəstəliklər, vaksinlər, soyuq zəncir sistemi, peyvənd işinin planlaşdırılması və digər məsələlər barədə məlumatlar verilmiş, tibb işçilərini maraqlandıran suallar cavablandırılmışdır.
Yoluxucu xəstəliklərə qarşı peyvənd işləri ilə əlaqədar hazırlanmış tədbirlər planına əsasən seminar-treninqlər yerli səhiyyə müəssisələrində davam etdiriləcək, vaksinatorlar test imtahanlarından keçiriləcək və onlara sertifikatlar veriləcəkdir.