Nazir müavini: EKTİS təchizatçılara fermerləri öz alıcılarına çevirmək imkanı yaradır YENİLƏNİB
Bakı, 6 fevral, AZƏRTAC
Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) gübrə, toxum, pestisid təchizatçılarının, eləcə də baytarlıq, fitosanitariya xidmətləri göstərənlərin özlərini fermerlərə tanıtması üçün ən yaxşı platformadır. EKTİS təchizatçılara imkan verir ki, uyğun qiymət, keyfiyyətli və çeşidli məhsul təklif etməklə sistemdə qeydiyyatdan keçmiş fermerləri öz alıcılarına çevirsinlər. Bu platforma həm təchizatçılara, həm də fermerlərə seçilmək və seçim üçün böyük üstünlüklər təqdim edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Kənd Təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Bakıda gübrə, pestisid və toxum təchizatçıları ilə görüşdə deyib.
İki yüzədək təchizatçının qatıldığı görüşdə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində təchizatçıların qeydiyyat modulunun təqdimatı keçirilib, subsidiyaların verilməsinə hazırlıq prosesinin son mərhələsi ilə bağlı açıqlamalar verilib.
Nazir müavini qeyd edib ki, yeni sistemdə kənd təsərrüfatı istehsal vasitələrinin təchizatçılarına əlverişli imkan yaradılıb: “Təchizatçılar bu sistem vasitəsilə məhsullarını özləri birbaşa fermerlərə təklif edə biləcəklər. Bu, eyni zamanda, məhsulların satış yerləri, qiymətləri, keyfiyyətlə bağlı məlumatların fermerlərə çatdırılmasını ehtiva edir. EKTİS-in ölkəmizdə ilk dəfə istifadəyə verildiyini nəzərə alaraq qeyd etməliyəm ki, bu sistem təchizatçılar və fermerlərdən gələcək təklif və iradlar əsasında daha da təkmilləşdiriləcək”.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədri Mirzə Əliyev çıxış edərək, gübrə və pestisid bazarının tamamilə liberallaşdığını bildirib. “Hazırda EKTİS-də 83 gübrə və pestisid təchizatçısı, 250-dən artıq toxumçu qeydiyyatdan keçib. Lakin görüşdə iştirak edənlərin və bizimlə əlaqə saxlayan, müxtəlif səbəblərdən görüşə qatılmayanların sayını da nəzərə alsaq, bu rəqəmin bir neçə dəfə artıq olduğunu söyləyə bilərik”, - deyə AKİA sədri əlavə edib.
Mirzə Əliyev görüşün əsas məqsədinin təchizatçıları EKTİS-də qeydiyyatdan keçməyi sürətləndirməyə səsləmək olduğunu vurğulayıb. Agentlik sədri qeydiyyatdan keçmə prosedurunu əvvəldən sonadək iştirakçılara nümayiş etdirib. Payızlıq əkinlərə gübrə vermək vaxtının başladığını qeyd edən Mirzə Əliyev təchizatçıları qeydiyyatdan keçməyə, satışlarını həyata keçirən mağazaları pos-terminallarla təmin etməyə çağırıb.
Bildirilib ki, Subsidiya İnformasiya Sistemində (SİS) bu günədək 465 min 321 fermerin 594 min 855 təsərrüfatı qeydiyyatdan keçib. Fevralın 4-dək 245 min 387 fermerə məxsus 336 min 954 təsərrüfat təsdiq edilib. 342 min fermer tərəfindən 690 min əkin payızlıq əkin bəyanı SİS-ə daxil olunub. Bundan 243 min fermer tərəfindən edilmiş 431 min əkin bəyanı yoxlanılıb və təsdiq edilmiş sənədlər üzrə 719 min hektar əkin bəyanı SİS-ə daxil edilib.
Fermerlərin subsidiyaları yeni qaydalarla alacağına hazırlıqların tam sürətlə getdiyini deyən AKİA sədri bu günədək 179 min “Fermer kartı”nın sifariş olunduğunu vurğulayıb. "Çap olunmuş 163 min “Fermer kartı” isə hazırda tərəfdaş bankın yerli filialları tərəfindən fermerlə paylanır”, - deyə Mirzə Əliyev bildirib.
Görüş digər çıxışlarla davam etdirilib.
Sonda təchizatçıları maraqlandıran suallara aydınlıq gətirilib.