NAZİRLƏR KABİNETİ MYANMA HÖKUMƏTİNƏ YARDIM BARƏDƏ SƏRƏNCAM QƏBUL ETMİŞDİR
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, mayın 12-də Azərbaycan Hökuməti Myanma İttifaqının Hökumətinə yardım göstərilməsi barədə sərəncam qəbul etmişdir.
Sərəncamda deyilir ki, təbii fəlakətin nəticələrinin aradan qaldırılması ilə əlaqədar Myanma İttifaqının Hökumətinə yardım göstərilməsi məqsədilə Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan 500.000 (beş yüz min) ABŞ dolları məbləğində vəsait Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə ayrılsın.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, sərəncamda göstərilən məbləğin müvafiq qaydada ödənilməsini təmin etsin.
Sərəncamda ayrılan vəsaitin təyinatı üzrə Myanma İttifaqının rəsmi orqanlarına çatdırılması üçün zəruri tədbirlərin həyata keçirilməsi Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılmışdır.