NAZİRLƏR KABİNETİNDƏ MÜŞAVİRƏ
MƏCBURİ KÖÇKÜNLƏRİN YAŞAYIŞ ŞƏRAİTİNİN YAXŞILAŞDIRILMASI İLƏ BAĞLI DÖVLƏT PROQRAMI REALLAŞDIRILIR
Nazirlərin, dövlət komitələri sədrlərinin, əlaqədar qurumların nümayəndələrinin iştirak etdiyi müşavirəni Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov açaraq demişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə 12 çadır şəhərciyində məskunlaşmış məcburi köçkünlərin tam köçürüləcəyini və həmin şəhərciklərin ləğv olunacağını vurğulamış, bu məqsədlə xüsusi Dövlət Proqramını təsdiq etmişdir. Proses başlanmışdır. Biləsuvar rayonunda 5 çadır şəhərciyinin sakinləri yeni qəsəbələrə köçürülmüşlər. Təxminən 3-4 aya Bərdədə 3, Ağcabədidə isə 1 çadır şəhərciyi ləğv ediləcəkdir. Artıq onların sakinləri Ağdam ərazisində salınmış yeni qəsəbələrdə məskunlaşdırılırlar. Sonuncu (Saatlıda 2, Sabirabadda 1) çadır şəhərciklərinin ləğvi isə bu gün layihələrinin ilkin variantlarının müzakirəsinə yığışdığımız qəsəbələr hazır olandan sonra baş tutacaqdır. Lazımi təşkilati işləri tezliklə yekunlaşdırsaq, bu il mayın sonlarından tikinti işlərinə başlaya bilərik. Güman edirəm ki, qalan çadır şəhərciklərini 2007-ci ilin ortalarında ləğv etmək mümkün olacaqdır.
Baş nazirin müavini xüsusi vurğulamışdır ki, bütün səylər adı çəkilən Dövlət Proqramının icrasına yönəlmişdir. Bugünkü müşavirə isə Dövlət Neft Fondundan ayrılmış vəsaitin xərclənməsində şəffaflığın təmin edilməsi, ölkə ictimaiyyəti və beynəlxalq qurumların məlumatlandırılması baxımından çox əhəmiyyətlidir.
“Azərinşaatlayihə” İnstitutunun nümayəndələri 4 mindən artıq məcburi köçkün ailəsi üçün salınacaq qəsəbələrin, onlardakı müvafiq infrastrukturun layihələrini təqdim etmişlər.
Maliyyə naziri Samir Şərifov, səhiyyə naziri Oqtay Şirəliyev, təhsil naziri Misir Mərdanov, kənd təsərrüfatı naziri İsmət Abasov, mədəniyyət nazirinin müavini Ədalət Vəliyev, “Azərsu” ASC-nin prezidenti Nizaməddin Rzayev, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Nəbi Muxtarov, Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev layihələrə dair irad və təkliflərini bildirmişlər.
Layihələr irad və təkliflər nəzərə alınmaqla təkmilləşdirildikdən, müvafiq nazirlik və dövlət komitələri ilə razılaşdırıldıqdan sonra tenderdə qalib gəlmiş tikinti təşkilatları onları reallışdırmağa başlayacaqdır. Yeni qəsəbələrin salınması üçün Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə Füzulidə 2 min 524, Biləsuvarda 2 min, Sabirabadda 193, Ağdamda 42, Ağcabədi ərazisindəki Laçın qış yataqlarında isə 26 hektar torpaq sahəsi ayrılmışdır.