SİYASƏT
NAZİRLƏR KABİNETİNİN MƏTBUAT MƏRKƏZİNİN MƏLUMATI
Avqustun 30-da Azərbaycanın Baş naziri Artur Rasizadə Culian Peynin başçılığı ilə ölkəmizə səfərə gəlmiş Asiya İnkişaf Bankının Direktorlar Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul etmişdir.
Artur Rasizadə respublikamızın Asiya İnkişaf Bankına üzvlüyə qəbul olunmasından məmnunluğunu nəzərə çarpdıraraq, bankın rəhbərliyinə öz təşəkkürünü bildirdi və bu əməkdaşlığın gələcəkdə hər iki tərəf üçün faydalı olacağına əminliyini vurğuladı.
Sonra respublika iqtisadiyyatı qarşısında duran həlli vacib məsələlərdən söz açan Baş nazir Ermənistanın Azərbaycana hərbi təcavüzünün ağır nəticələri üzərində xüsusi dayandı. O dedi ki, təcavüz nəticəsində bir milyondan çox soydaşımızın öz doğma torpaqlarından didərgin düşməsi ciddi sosial problemlər yaratmışdır. Bununla belə, ölkəmizdə iqtisadi islahatların uğurla davam etdirildiyini bildirən Artur Rasizadə hökumətin neft və qaz sahələri ilə yanaşı, qeyri-neft sahələrinin inkişafına da daim diqqət yetirdiyini vurğuladı. Yoxsulluq probleminin aradan qaldırılması üçün yeni iş yerlərinin yaradılmasının zəruriliyini önə çəkən Baş nazir, bu məqsədlə emal, servis və marketin sahələrinə investisiyaların cəlb olunmasının vacibliyini qeyd etdi, həmçinin infrastrukturun, xüsusilə yol təsərrüfatının, su, istilik təchizatının, abadlıq işlərinin və s. Inkişafına da yardım göstərməyə ehtiyac olduğunu nəzərə çarpdırdı.
Səmimi qəbula görə təşəkkürünü bildirən Culian Peyn ölkəmizə ilk dəfə gəldiklərindən və burada qonaqpərvərliklə qarşılandıqlarından məmnun qaldıqlarını söylədi. Respublikamızın bir sıra əlaqədar nazirliklərində keçirdikləri görüşlər barədə Baş nazirə ətraflı məlumat verən qonaq dedi ki, səfərin əsas məqsədi Azərbaycanla daha yaxından tanış olmaq, ümumi vəziyyəti öyrənmək və perspektiv əməkdaşlıq imkanlarını araşdırmaqdan ibarətdir. Sonra Asiya İnkişaf Bankının fəaliyyətindən söz açan cənab Peyn bildirdi ki, bankın idarə heyətinin iclasında Azərbaycana kömək məqsədi ilə xüsusi layihələr əsasında güzəştli kreditlərin və texniki yardımların ayrılması məsələsinə baxılacaqdır.
Sonda Baş nazir Artur Rasizadə ölkəmizin iqtisadi inkişaf istiqamətlərinə dair qonaqları maraqlandıran suallara cavab verdi.
Qəbulda Baş nazirin müavini Abid Şərifov iştirak edirdi.