NAZİRLƏR KABİNETİNİN MƏTBUAT MƏRKƏZİNİN MƏLUMATI
Aprelin 9-da Azərbaycan Respublikasının baş naziri Artur Rasizadə Avropa Şurası Nazirlər Komitəsinin sədri, Litvanın xarici işlər naziri Antanas Valionisin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Qonaqlara Respublikamızdakı mövcud iqtisadi vəziyyət barədə ətraflı məlumat verən baş nazir bildirdi ki, Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolu ilə inamla irəliləyir.
Dağlıq Qarabağ probleminə toxunaraq, münaqişənin beynəlxalq hüquq normalarına uyğun şəkildə, sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü prinsipləri əsasında aradan qaldırılmasının vacib olduğunu vurğulayan baş nazir bu problemin həllində Avropa Şurasının da prinsipial və ədalətli mövqe tutacağına əmin olduğunu vurğuladı.
Səmimi qəbula görə təşəkkürünü bildirən A.Valionis Bakıda keçirdiyi görüşlər barədə ətraflı məlumat verərək, danışıqlardan razı qaldığını, Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın daim inkişaf etməsindən məmnun qaldığını bildirdi.
A.Valionis Azərbaycanla Litva arasında ikitərəfli əməkdaşlıq məsələlərinə toxunaraq, bu istiqamətdə böyük perspektivlər olduğunu, ölkələrimizin əlaqələrinin daha da genişləndirilməsinin hər iki dövlət üçün səmərəli olacağını vurğuladı.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.
Qəbulda Litvanın ölkəmizdəki səfiri Qalina Kobeskayte, Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyinin başçısı, səfir Aqşin Mehdiyev iştirak edirdilər.