SİYASƏT
NAZİRLƏR KABİNETİNİN MƏTBUAT MƏRKƏZİNİN MƏLUMATI
Aprelin 10-da Azərbaycan Respubllikasının Baş naziri Artur Rasizadə ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın müdafiə naziri general-leytenant David Tevzadzeni qəbul etmişdir.
Azərbaycanla Gürcüstan arasında tarixən mövcud olan mehriban qonşuluq və dostluq münasibətlərindən danışan Baş nazir Artur Rasizadə, Gürcüstanla bütün sahələrdə əməkdaşlığın hər iki tərəf üçün böyük əhəmiyyət kəsb etdiyini dildirdi.
O, regionda sülhün və əmin-amanlığın qorunub saxlanması üçün, ölkələrimiz arasında hərtərəfli əlaqələrin möhkəmləndirilməsinin vacibliyini vurğuladı. Avrasiya nəqliyyat dəhlizinin, həmçinin neft-qaz kəmərləri sisteminin təhlükəsizliyinin və səmərəli fəaliyyət göstərməsinin təmin olunması məsələlərinə toxunan Artur Rasizadə bu istiqamətdə GUÖAM ölkələri çərçivəsində də əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyini qeyd etdi.
Səmimi qəbula görə Azərbaycanın Baş nazirinə təşəkkürünü bildirən D.Tevzadze səfər zamanı keçirdiyi görüşlər barədə danışaraq, Azərbaycanın və Gürcüstanın müdafiə nazirlikləri arasında rəsmi səfərin nəticələrinə dair protokol imzalandığı barədə məlumat verdi. O, Cənubi Qafqazda terrorizmə, separatizmə və ekstremizmə qarşı birgə mübarizə aparmaq üçün əməkdaşlığın genişləndirilməsinin tarixi zərurət olduğunu nəzərə çatdırdı.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.
Qəbulda ölkəmizin Gürcüstandakı səfiri Hacan Hacıyev və Gürcüstanın Bakıdakı səfiri Zurab Qumberidze iştirak edirdilər.