SİYASƏT
NAZİRLƏR KABİNETİNİN MƏTBUAT MƏRKƏZİNİN MƏLUMATI
Aprelin 15-də Azərbaycan Respublikasının baş naziri Artur Rasizadə Pakistan İslam Respublikasının müdafiə katibi cənab Həmid Nəvaz Xanı qəbul etmişdir.
Qonağı salamlayan baş nazir ölkələrimiz arasında daim mövcud olan dostluq münasibətlərindən danışaraq, Pakistan-Azərbaycan əlaqələrinin böyük əhəmiyyət kəsb etdiyini bildirdi. Ötən il sentyabrın 11-də ABŞ-da baş vermiş terror hadisəsini xatırladan Artur Rasizadə Azərbaycanın da erməni terrorizmindən zərər çəkdiyini, torpaqlarımızın işğalı nəticəsində bir milyon soydaşımızın yurdundan -yuvasından didərgin düşdüyünü qonağın nəzərinə çatdırdı. O, daha sonra bölgədə əmin-amanlığın qorunub saxlanılması, habelə iqtisadi və mədəni sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi baxımından əlaqələrimizin daha da sıxlaşdırılmasının vacibliyini vurğuladı.
Səmimi qəbula görə Respublikamızın baş nazirinə təşəkkürünü bildirən cənab Həmid Nəvaz Xan həqiqətən də Pakistanla Azərbaycan arasında yaranmış xoş münasibətlərdən məmnun qaldığını qeyd etdi. Dünyada terrorizmə və separatizmə qarşı birgə mübarizə aparmaq üçün ölkələrimiz arasında da əməkdaşlığın möhkəmləndirilməsinin zəruri olduğunu nəzərə çatdıran qonaq təlim, təhsil, informasiya mübadiləsi və digər istiqamətlərdə böyük imkanlar olduğunu bildirdi. Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunarkən Həmid Nəvaz Xan Pakistan hökumətinin beynəlxalq səviyyələrdə Azərbaycanın ədalətli mövqeyini daim dəstəklədiyini, bu münaqişənin sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü prinsipləri əsasında həllinə tərəfdar olduğunu bildirdi.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.
Qəbulda Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Faiz Məhəmməd Xoso iştirak edirdi.