İQTİSADİYYAT
Nazirlik: Müsabiqədən keçən 96 nəfər vergi orqanlarında müxtəlif vəzifələrə təyinat alıb
![Nazirlik: Müsabiqədən keçən 96 nəfər vergi orqanlarında müxtəlif vəzifələrə təyinat alıb](/files/2019/2/1200x630/1564147056440461720_1200x630.jpg)
Bakı, 26 iyul, AZƏRTAC
Müsabiqədən keçən 96 nəfər artıq vergi orqanlarında müxtəlif vəzifələrə təyinat alıb.
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, nazirlik qarşısında duran vəzifələrin daha səmərəli şəkildə icra edilməsi üçün vergi orqanlarının kadr potensialının gücləndirilməsi və ondan səmərəli istifadə edilməsini insan resursları siyasətinin prioritet istiqaməti kimi qəbul edib. Bu baxımdan, vergi orqanlarının spesifik tələbləri və kadrların fərdi göstəricilərinin də nəzərə alınması ilə keçirilən işə qəbulla bağlı test imtahanları xüsusi əhəmiyyət daşıyır. Nazirlik Dövlət İmtahan Mərkəzi ilə birgə bu il martın 30-da vergi orqanlarında işə qəbulla bağlı sayca 15-ci test imtahanı keçirib.
Müsabiqədə iştirak üçün 1680 vətəndaş müraciət edib. İlkin mərhələdə 108 namizəd test suallarını düzgün cavablandırıb ki, bu da əvvəlki illərlə müqayisədə orta statistik göstəricidir. Bu göstərici nazirliyin kadr ehtiyatına olan tələblərini qarşılayır.
Müsabiqə artıq tam yekunlaşıb və 100 nəfər nazirliyin kadr ehtiyatı bazasına daxil edilib. Həmin şəxslərdən 96-sı artıq vergi orqanlarında müxtəlif vəzifələrə təyinat alıb.