İQTİSADİYYAT
Nazirlik rəsmisi: Görülən tədbirlər qarşıya qoyulan bir çox hədəflərə nail olmağa imkan verib
Bakı, 26 iyul, AZƏRTAC
"2017-2019-cu illərdə Azərbaycan Respublikasının dövlət vergi orqanlarında insan resurslarının inkişaf Strategiyası" çoxspektrli məqsədlərə xidmət edən, savadlı kadrları vergi orqanlarına cəlb etmək, kadrların bilik və bacarıqlarından məqsədyönlü istifadə etmək yolu ilə vergi orqanlarının fəaliyyətində səmərəliliyin artırılması məqsədilə qəbul olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin İnsan resursları departamentinin baş direktoru səlahiyyətlərini icra edən Elməddin Süleymanov deyib.
O qeyd edib ki, indiyədək strategiya çərçivəsində həyata keçirilən tədbirlər qarşıya qoyulan bir çox hədəflərə nail olmağa imkan verib. İnsan resurslarının planlı inkişafı üzrə sistemli proqram qəbul edilib, kadr məlumatlarının informasiya sisteminin təkmilləşdirilməsi, insan resurslarının inkişafı sahəsində digər qurumlarla əlaqələrin və beynəlxalq əməkdaşlığın genişləndirilməsi, insan resursları ilə iş sahəsində təbliğat və maarifləndirmə işlərinin gücləndirilməsi icra olunmuş planlardır.
E.Süleymanovun fikrincə, peşəkarlığın artırılması prosesi tədricən könüllü formaya keçməli, əməkdaşlar özünüinkişafda maraqlı olmalıdırlar. Bunun üçün isə, onların motivasiyası gücləndirilməli, yeni həvəsləndirmə mexanizmləri hazırlanmalıdır: “Eyni zamanda, insan resurslarının inkişaf etdirilməsi sahəsində bir çox yeni hədəflər müəyyən edilib ki, qarşıdakı dövrdə bu sahədə geniş kompleks tədbirlər həyata keçirmək niyyətindəyik. Vergi orqanlarına işə qəbul və vakant vəzifələrin tutulması prosesinin təkmilləşdirilməsi davam etdiriləcək. Xüsusilə rəhbər vəzifəli şəxslərin potensialının planlı və sistemli şəkildə artırılması, vəzifələrin qruplaşdırılaraq ümumi standartların hazırlanması, əməkdaşların yerdəyişməsi (rotasiya) mexanizminin və qaydalarının təkmilləşdirilməsi, işçilərin peşəkarlığının artırılması istiqamətində tədbirlərin gücləndirilməsi nəzərdə tutulur”.