NDU-da Yekun Dövlət Attestasiyası çərçivəsində buraxılış işlərinin müdafiəsi olub
Bakı, 17 iyun, AZƏRTAC
Naxçıvan Dövlət Universitetində biologiya ixtisası üzrə təhsil alan tələbələrin Yekun Dövlət Attestasiyası çərçivəsində buraxılış işlərinin müdafiəsi keçirilib.
Botanika İnstitutundan AZƏRTAC-a bildirilib ki, iyunun 16-da təşkil olunan attestasiyaya Botanika İnstitutunun direktoru vəzifəsini icra edən professor Səyyarə İbadullayeva rəhbərlik edib.
Müdafiə zamanı tələbələr biologiya sahəsində aktual mövzulara həsr olunmuş elmi-tədqiqat işlərini təqdim ediblər. Təqdimatlar komissiya üzvləri tərəfindən dinlənilib, mövzular üzrə suallar ünvanlanıb və tələbələrin hazırlıq səviyyəsi qiymətləndirilib. Buraxılış işlərinin elmi səviyyəsi, eləcə də tələbələrin peşə hazırlığı komissiya tərəfindən müsbət qiymətləndirilib.
Tədbirin sonunda professor Səyyarə İbadullayeva məzunları təbrik edərək onlara gələcək elmi və peşə fəaliyyətlərində uğurlar arzulayıb.