Neft və Qaz İnstitutunun beynəlxalq əlaqələri onlayn müzakirə olunub
Bakı, 4 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin Xarici əlaqələr İdarəsinin təşkilatçılığı ilə “Layihələrin idarə edilməsi" mövzusunda onlayn iclas keçirilib.
AMEA-nın Neft və Qaz İnstitutundan AZƏRTAC-a bildirilib ki, iclasda elmi müəssisənin beynəlxalq əlaqələri də müzakirə olunub. İnstitutun elmi katibi, yer elmləri üzrə fəlsəfə doktoru Şəlalə Hüseynova xarici elmi müəssisələrlə əməkdaşlığının vəziyyətindən danışıb. Əldə olunan nailiyyətlərdən bəhs edib, mövcud problemlər haqqında məlumat verib. O qeyd edib ki, institutun yerli layihələrdə iştirakı yüksək səviyyədədir, lakin beynəlxalq layihələrin hazırlanması istiqamətində işlərin gücləndirilməsinə ehtiyac var. Bu baxımdan müvafiq qrupun yaradılması zəruridir.
Ş.Hüseynova bildirib ki, ölkəmizdə xüsusi karantin rejimi olmasına baxmayaraq Neft və Qaz İnstitutu beynəlxalq əməkdaşlığı onlayn rejimdə davam etdirir.