Neftçalada kütləvi tibbi müayinəyə 65 min nəfərdən çox sakin cəlb olunacaq
Neftçala, 15 fevral, Mahir Babayev, AZƏRTAC
Ölkəmizin hər yerində olduğu kimi, Neftçalada da əhalinin kütləvi dispanserizasiyasına başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon mərkəzi xəstəxanasının cərrahiyyə, poliklinika, fizioterapiya şöbələri və laboratoriyada insanların tibbi müayinəsi üçün lazımi şərait yaradılıb. Aksiya çərçivəsində, mayın 12-dək müxtəlif ixtisaslardan ibarət üç peşəkar həkim briqadası fəaliyyət göstərəcək.
Humanitar aksiya rayon üzrə 65 min 812 nəfərdən çox əhalini əhatə edəcək. Kənd, qəsəbə və kollektivlərdə aktivliyi təmin etmək üçün kütləvi izahat, təbliğat-təşviqat işləri aparılır. Rayon icra hakimiyyətində yaradılan qərargah müayinələrin gedişinə ciddi nəzarət edir. Fiziki imkanları məhdud, ahıl insanların müayinəsi də diqqət mərkəzində saxlanılır. İki səyyar həkim briqadası bu kateqoriyadan olan sakinlərin müayinəsini evlərdə aparır.
Rayon mərkəzi xəstəxanasının baş həkimi Telman Zahidov bildirib ki, aksiyanın yüksək səviyyədə keçirilməsi üçün mərkəzi xəstəxana ilə yanaşı, bir kənd xəstəxanası, 15 həkim məntəqəsi, 100-dən çox həkim və orta tibb işçisi kampaniyaya cəlb olunub.
Qrafikə uyğun olaraq, ilkin mərhələdə şəhər sakinləri, idarə, müəssisə və təşkilatlarda işləyənlər tibbi müayinələrdən keçirlər. Artıq 5 kollektivdə müayinələr başa çatdırılıb. Tibbi müayinədən keçirilmiş 3334 nəfərdən 227-si ambulator, 1 nəfəri stasionar müalicəyə cəlb olunub. Bir nəfər isə müayinə və müalicə üçün Bakı şəhərindəki ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərilib.
Hazırda rayonun 52 yaşayış məntəqəsində aksiyanın mütəşəkkil keçirilməsi üçün operativ tədbirlər və təşkilati işlər görülür. Yaxın günlərdə kənd və qəsəbə sakinlərinin də kütləvi dispanserizasiyasına başlanılacaq.