“Neftçi”nin veteran futbolçusunun yubileyi qeyd edilib
Bakı, 5 oktyabr, AZƏRTAC
“Neftçi” futbol klubunun prezidenti Kamran Quliyev klubun veteran futbolçusu Adil Hüseynovu 70 illik yubileyi münasibətilə təbrik edib.
AZƏRTAC xəbər verir ki, yubilyara ən xoş arzularını çatdıran klub rəhbəri ona xatirə hədiyyəsi təqdim edib.
Veteran futbolçu 1952-ci il oktyabrın 2-si Bakı şəhərində anadan olub. Uşaq yaşlarından futbola böyük həvəsi olan Adil Hüseynov 7 yaşından "Neftçi"nin hazırlıq qrupunda futbolunun sirlərini öyrənib. “Neftçi”nin sabiq futbolçusu Adil Hüseynov əfsanəvi 70-cı illər nəslinin nümayəndələrindəndir. O, futbolçu karyerası ərzində yarımmüdafiəçi mövqeyində çıxış edib.