NEFTİN QİYMƏTİ OPEK-İN NƏZARƏTİNDƏN ÇIXMIŞDIR
AZƏRTAC xarici informasiya agentliklərinə istinadla xəbər verir ki, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEK) sentyabr ayına qədər növbəti görüş keçirməsinə ehtiyac yoxdur, çünki xammalın rekord səviyyəyə çatmış qiymətini azaltmaq üçün bu təşkilat heç nə edə bilməz. Bu fikri Qətərin energetika naziri və Baş nazirin müavini Abdulla bin Həməd əl-Attiya bildirmişdir.
O belə hesab edir ki, hazırda neftin qiyməti OPEK-in “nəzarətindən çıxmışdır”. Onun fikrincə, neft hasilatının həcmi kafi səviyyədədir.
Xatırladaq ki, mayın 9-da keçirilmiş hərracda “qara qızıl”ın qiyməti yenidən artaraq 1 barel üçün artıq 125 dollar təşkil etmişdir.
Qətər energetika nazirinin bəyanatını onun OPEK üzrə həmkarlarının fikirləri də təsdiqləyir. Bu təşkilatın baş katibi Abdulla Səlim əl-Bədri aprelin 20-də bildirmişdi ki, neft fyuçerslərinin daha da bahalaşacağını istisna etmir. O vaxt baş katib neftin bir barrelinin dəyərinin artım sürəti barədə bir söz deməmişdi. Aprelin axırlarında isə OPEK konfransının sədri, Əlcəzairin energetika və şaxtalar naziri Şakib Xəlil bildirmişdir ki, neftin 1 barrelinin qiyməti 200 dollara çata bilər.
Məmur vurğulamışdır ki, bahalaşmanın əsas səbəbləri kartelin iştirakçısı olan ölkələrdə neft hasilatı həcminin azalması deyil, Amerika valyutası məzənnəsinin azalmaqda davam etməsi və dünyada ümumi vəziyyətin sabit olmamasıdır. Ş.Xəlil daha sonra demişdir ki, ABŞ və Avropa İttifaqı neftin qiymətinin sabitləşdirilməsi üçün hasilatın artırılmasını təklif etsələr də, OPEK bunu mənasız addım hesab edir.