Nərimanov rayonunda 30 minə yaxın sakinin tibbi müayinələrdən keçməsi təmin olunub
Bakı, 23 fevral, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığı ilə fevral ayının 2-dən mayın 1-dək respublika əhalisinin ümumi profilaktik müayinələrə cəlb olunması aksiyası Bakının Nərimanov rayonunda da uğurla davam etdirilir.
AZƏRTAC xəbər verir ki, növbəti müayinələr fevralın 23-də rayon ərazisində yerləşən 1 nömrəli dəmir yolu poliklinikasında aparılıb. Rayonda fəaliyyət göstərən bütün səhiyyə müəssisələri kimi, bu poliklinika da sakinlərin tibbi yoxlamalardan rahat şəkildə keçmələri üçün ən müasir avadanlıqlarla təchiz olunub. Müəyyən səbəblərdən xəstəxanaya gələ bilməyənlərin müayinəsi üçün xüsusi həkim briqadaları fəaliyyət göstərir.
Fevralın 2-dən etibarən rayon üzrə 29 min 531 nəfərin müayinələrdən keçməsi təmin olunub. Xəstəlik aşkar edilən 6271 nəfərə ambulator, 96 nəfərə isə stasionar müalicə təyin olunub.
Poliklinikada yaradılan şəraitdən və həkim heyətindən razılıq edən rayon sakinləri bu humanist aksiyanı yüksək dəyərləndirərək, onların sağlamlığının qeydinə qaldığına görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.