NƏRİMANOV RAYONUNDA “QARDAŞLIQ MƏZARLIĞI” ƏBƏDİ XATİRƏ KOMPLEKSİNİN AÇILIŞI OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, mayın 9-da Bakının Nərimanov rayonunda İkinci Dünya müharibəsi dövründə Bakıdakı hospitallarda vəfat etmiş qəhrəman döyüşçülərin xatirəsinə yenidən bərpa edilən “Qardaşlıq Məzarlığı” Əbədi Xatirə Kompleksinin açılışı olmuşdur.
Mərasimdə iştirak edən Rusiyanın, Qazaxıstanın, Belarusun Azərbaycandakı səfirləri, Ukraynanın ölkəmizdəki səfirliyinin hərbi attaşesi, Milli Məclisin deputatları və Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev müharibənin dəhşətlərindən danışaraq, alman faşizmi üzərində Qələbənin qazanılmasında azərbaycanlıların xidmətlərindən bəhs etmişlər. Bildirilmişdir ki, İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri heç vaxt yaddaşlardan silinməyəcək, gənc nəslə vətənpərvərlik nümunəsi olacaqdır.
Vurğulanmışdır ki, faşizm üzərində tarixi qələbənin qazanılmasında Azərbaycanın xüsusi rolu bir də ondan ibarətdir ki, bu respublikanın nefti o vaxtlar həmin müharibənin uğurla aparılması üçün ən mühüm amillərdən biri olmuşdur. Həmin dövrdə Sovetlər İttifaqında çıxarılan neftin 70 faizi Azərbaycanda hasil edilirdi. Şübhəsiz, nəticə çıxarmaq çətin deyil ki, əgər Azərbaycan nefti olmasaydı, motorlar müharibəsi, texnika müharibəsi o qədər uğurlu və müvəffəqiyyətli ola bilməzdi.
Mərasimdə çıxış edən veteranlar isə ümummilli liderimiz Heydər Əliyevin onlara göstərdiyi diqqət və qayğını xatırladaraq, onun siyasi xəttini davam etdirən Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər. Onlar ölkəmizin hərtərəfli inkişaf naminə çalışan dövlətimizin başçısını bundan sonra da dəstəkləyəcəklərini vurğulamışlar.
Sonra mərasim iştirakçıları buradakı Böyük Vətən müharibəsi qurbanlarının xatirəsinə ucaldılmış abidə önünə əklil qoymuş, İkinci Dünya müharibəsində misilsiz qəhrəmanlıqlar göstərmiş xalqımızın igid oğullarının əziz xatirəsini ehtiramla anmışlar.
######
