Nərimanov rayonunun sakinləri müayinə olunmaq üçün poliklinikalara həvəslə gəlirlər
Bakı, 20 fevral (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qayğısı və diqqətinin məntiqi nəticəsi olaraq iqtisadiyyatın inkişafı səhiyyədə də görülən işlərin daha böyük vüsət almasına imkan yaratmışdır. Dövlət başçısının tapşırığı ilə bütün ölkə vətəndaşlarının fevralın 17-dən mayın 1-dək tibbi müayinələrə cəlb olunmaları bunun bariz nümunəsidir.
AZƏRTAC xəbər verir ki, əhalinin pulsuz tibbi müayinədən keçirilməsi kampaniyası respublikamızın hər yerində olduğu kimi, Bakının Nərimanov rayonunda da uğurla davam etdirilir.
Rayondakı 8 nömrəli şəhər poliklinikasında sakinlərin kütləvi dispanserizasiyasının mütəşəkkil qaydada keçirilməsi üçün əvvəlcədən ciddi hazırlıq işləri görülmüş, lazımi şərait yaradılmışdır. Rayon sakinləri qrafik əsasında qeydiyyata düşür, sonra isə ən müasir avadanlıqlarla təchiz edilmiş həkim kabinetlərində tibbi yoxlamadan keçirlər.
Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova bildirmişdir ki, kampaniyanın yüksək səviyyədə aparılması üçün əvvəlcədən idarə, təşkilat, səhiyyə müəssisələri rəhbərlərinə tapşırıqlar verilmişdir. Ölkə başçısının tapşırığını təmin etmək məqsədi ilə rayon sakinləri tibbi müayinə barədə məlumatlandırılmışlar. Görülən işlərin nəticəsidir ki, rayonda olan bütün səhiyyə müəssisələrində tibbi müayinələr uğurla aparılır. Fevralın 17-dən indiyədək poliklinikalarda artıq 5 min nəfərə yaxın rayon sakini pulsuz müayinə olunmuşdur. Mayın 1-dək isə 170 minə yaxın rayon sakini qrafik əsasında pulsuz tibbi müayinə kampaniyasından faydalanacaqdır. Rayon ərazisindəki tibb müəssisələrində çalışan həkimlərdən ibarət səyyar briqadalar yaradılmışdır. Bu briqadalar məktəblərdə, uşaq bağçalarında müayinələr aparır, həmçinin poliklinikaya gələ bilməyən yaşlı və əlil insanlara evlərində tibbi xidmət göstərirlər.
Nərimanov Rayon Gigiyena və Epidieomologiya Mərkəzinin direktoru Nurulla Məmmədov bildirmişdir ki, kampaniyanın məqsədi xəstəliklərin vaxtında aşkarlanması və əhalinin sağlamlığının qorunmasıdır. Xəstəlik vaxtında aşkarlanarsa, onun qarşısını almaq da asan olar. Bu baxımdan dövlət başçısının bu humanist addımının böyük əhəmiyyəti vardır. O demişdir ki, hazırda rayonun 6 poliklinikasında tibbi müayinələr aparılır. Rayon sakinləri müayinə olunmaq üçün poliklinikalara həvəslə gəlirlər.
Müayinədən keçənlər poliklinikanın həkim heyətindən, burada yaradılan şəraitdən razılıq etmişlər. Rayon sakinləri Aygün Məmmədova və Səriyyə Qurbanova onlara pulsuz müayinə olunmaq imkanı yaratdığına görə dövlət başçına minnətdarlıqlarını bildirmişlər.