Nəsimi rayonunda 74 minə yaxın sakinin tibbi müayinələrdən keçirilməsi təmin edilmişdir
Bakı, 11 aprel (AZƏRTAC, Elçin Hüseynov). Prezident İlham Əliyevin tapşırığına əsasən fevralın 17-dən başlanılan əhalinin tibbi müayinədən keçirilməsi kampaniyası respublikamızın hər yerində olduğu kimi, Bakının Nəsimi rayonunda da uğurla davam etdirilir.
AZƏRTAC xəbər verir ki, başqa günlərdə olduğu kimi, aprelin 11-də də rayon ərazisindəki 20 nömrəli şəhər poliklinikasında sakinlərin kütləvi dispanserizasiyası mütəşəkkil qaydada aparılmışdır. Bunun üçün tibb müəssisəsində əvvəlcədən ciddi hazırlıq işləri görülmüş, bütün lazımi şərait yaradılmışdır. Poliklinikada bu günədək 30 min 545 nəfər hərtərəfli müayinə edilmişdir. Onlardan 1656 nəfərə ambulator, 71 nəfərə stasionar müalicə kursu təyin edilmişdir.
Poliklinikanın baş həkiminin müavini Nəzakət Həsənova bildirmişdir ki, dövlət başçısının tapşırığı ilə aparılan kütləvi tibbi müayinə aksiyası xəstəliklərin erkən aşkarlanması baxımından olduqca vacibdir. Vətəndaşların tibbi yoxlamalardan rahat şəkildə keçmələri üçün 70 min insana xidmət göstərən poliklinika Dövlət Proqramına uyğun olaraq ən müasir avadanlıqlarla təchiz olunmuşdur. Bu isə müayinələrin yüksək səviyyədə aparılmasına imkan yaradır. Bundan əlavə, poliklinikada çalışan təcrübəli həkimlərdən ibarət səyyar briqadalar yaradılmışdır. Bu briqadalar məktəblərdə, uşaq bağçalarında müayinələr aparır, həmçinin poliklinikaya gələ bilməyən yaşlı insanlara evlərində tibbi xidmət göstərirlər. Bu gün isə səyyar həkim briqadası rayon ərazisində yerləşən 9 nömrəli orta məktəbin işçilərini müayinə edəcəklər. Baş həkimin müavini müayinə olunan rayon sakinlərində əsasən ürək-damar və yuxarı tənəffüs yolları xəstəliklərinin aşkarlandığını demişdir.
Ölkə başçısının bu humanist təşəbbüsü rayon sakinləri tərəfindən razılıqla qarşılanmışdır.
Poliklinikanın tibbi heyətindən, burada yaradılan şəraitdən razılıq edən rayon sakini Tofiq Allahverdiyev demişdir: “Bu gün Azərbaycan səhiyyəsi özünün yeni inkişaf mərhələsini yaşayır. Ölkəmizin səhiyyə sistemindəki köklü dəyişikliklər göz önündədir. Prezident İlham Əliyevin diqqət və qayğısı bu sahənin inkişafına da mühüm töhfələr verir. Məlum məsələdir ki, vətəndaşları sağlam olan dövlət güclü olur. Azərbaycan Prezidentinin tapşırığı ilə başlanan bu kampaniya ölkə vətəndaşlarının sağlamlıqlarının qorunmasına xidmət edir. Buna görə dövlət başçısına minnətdarlıq edirik”.
Hazırda rayondakı 1, 3, 5 və 20 nömrəli poliklinikalarda sakinlərin kütləvi müayinəsi aparılır. İndiyədək bu tibb müəssisələrində 73 min 947 nəfər müayinə olunmuşdur. Onlardan 24 min 382 nəfəri ambulator, 369 nəfərinə isə stasionar müalicəyə cəlb olunmuşdur. Mayın 1-dək isə 137 mindən çox rayon sakini qrafik əsasında icbari tibbi müayinə kampaniyasından yararlanacaqdır.