Nəsir Sadıqov: Bəzi ölkələrdə dövlət borcunun məbləği ümumi daxili məhsulun dəyərindən yüksəkdir
Bakı, 5 iyun, AZƏRTAC
Qlobal borcun artması əsasən COVID-19 pandemiyası, yaşayış xərclərinin artması, iqlim dəyişikliyi ilə bağlı çoxalan maliyyə ehtiyacları və məhdud alternativ maliyyə mənbələri ilə bağlıdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Hesablama Palatasının sədr müavini Nəsir Sadıqov deyib.
O qeyd edib ki, bütün dünya ölkələrində olduğu kimi, borclanma ilə bağlı risklər də mövcuddur. Xüsusilə, iqlim dəyişikliyi dünyada təkcə ekoloji problemə deyil, həm də quraqlıq, aclıq və digər mənfi təsirlərə səbəb olub ki, bu nəticələrin aradan qaldırılması üçün külli miqdarda maliyyə vəsaitinin xərclənməsi lazımdır. Məhdud resurslara malik olduğu üçün ölkələr kütləvi şəkildə borc almağa məcbur olurlar.
"Dövlət borcu bu gün dünyada ən aktual problemlərdən biridir. Xüsusilə, COVID-19 pandemiyasının milli iqtisadiyyatlara vurduğu zərər və bu zərərin aradan qaldırılması üçün milli hökumətlərin maliyyə resurslarına ehtiyacı kütləvi dövlət borclanmasına səbəb olub. İnkişaf etməkdə olan ölkələr və təbii ehtiyatları məhdud olan və olmayan ölkələr daha çox təsirlənir. BMT-nin məlumatına görə, 2023-cü ildə qlobal dövlət borcu 2000-ci ildən bəri beş dəfədən çox artıb. 2022-ci ildə qlobal dövlət borcu rekord həddə - 92 trilyon dollara çatıb. Sözügedən hesabata görə, borcu yüksək olan ölkələrin sayı 59-a yüksəlib, 2011-ci ildə bu rəqəm 22 olub. Bəzi ölkələrdə dövlət borcunun məbləği ümumi daxili məhsulun dəyərindən yüksəkdir. Beynəlxalq Valyuta Fondunun məlumatlarına görə, 2023-cü ildə dövlət borcunun ümumi daxili məhsula nisbəti 93 faiz təşkil edib. Bu göstərici inkişaf etmiş ölkələr üzrə 111 faizə, inkişaf etməkdə olan ölkələr üzrə 68 faizə, neft ixrac edən ölkələr üzrə 51 faizə yüksəlib”, - deyə o əlavə edib.